Mərkəzi Bank 2024-cü ilin 9 ayı (yanvar-sentyabr) dövrü ürə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 840.8 milyon manat, cəmi öhdəlikləri 44 milyard 550 milyon manat, balans kapitalı 6 milyard 290.8 milyon manat olmuşdur.
Kredit portfelinin artımı sentyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 milyon manat artaraq 26 milyard 706 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 407.9 milyon manat);
ıı) istehlak kreditləri – 30.5% (8 milyard 152.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 145.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 36 milyard 58.9 milyon manat. Depozit portfelinin 61.6%-i (22 milyard 209.8 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (13 milyard 849.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9 milyard 63.1 milyon manat) milli valyutada, 34.6%-i (4 milyard 786 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 242.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 808.9 milyon manat (ay ərzində artım 6.2% və ya 978.1 miylon manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.1 faiz bəndi azalaraq 34% təşkil etmişdir.
2024-cü ilin yanvar – sentyabr aylarında banklar tərəfindən 829.6 milyon manat xalis mənfəət, 1 milyard 268.7 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 7.8% artaraq 35 milyard 772.7 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 10.4 milyon manat artaraq 2 milyard 608.5 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin qısamüddətli əmanət hesablarının həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.6%, kredit kartları üzrə 6.3% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 154 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 69 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,076 mln. manatı POS-terminallar, 7.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.4%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 26.5% artmışdır.
30 sentyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 482, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,140 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24,696 nəfər təşkil etmişdir.