31 dekabr 2022-ci il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 47,054.9 mln. manat, cəmi öhdəlikləri 41,432.8 mln. manat, balans kapitalı 5,622.1 mln. manat olmuşdur.
Azərbaycan bankları 2022-ni belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az Mərkəzi Bankın yaydığı Statistik Bületeninə istinadən xəbər verir ki, 2022-ci ilin dekabr ayında bankların cəmi aktivləri 3.4%, cəmi öhdəlikləri 3.7% və balans kapitalı isə 1.9% artmışdır.
2022-ci ildə isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 22.3%, 23.7% və 13.1% olmuşdur.
Dekabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmamışdır. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.4% (10,855.1 mln. manat) təşkil etmişdir.
Ümumilikdə, 2022-ci ildə bankların kredit portfeli 17.6% və ya 2,935.2 mln. manat artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ilin əvvəlinə nəzərən 1.3 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 33,762.6 mln. manat). Depozit portfeli dekabr ayında 2.7% (901.7 mln. manat) artmışdır.
Depozit portfelinin 66%-ni hüquqi şəxslərin depozitləri, 34%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.3% (143.1 mln. manat) artaraq 11,483 mln. manat təşkil etmişdir. Əmanət portfelinin 54%-i (6,204.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 19,701.8 mln. manat olmaqla (ay ərzində artım 3.4% və ya 650.8 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (22,279.6 mln. manat) 88.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabr ayında ilin əvvəlinə nəzərən 1.8 faiz bəndi azalaraq 39.2% təşkil etmişdir.
2022-ci ildə banklar 914.5 mln. manat xalis mənfəət, 1,371.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 50% və 45% artmışdır. Banklar tərəfindən ümumilikdə 2022-ci il ərzində 261.5 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
31 dekabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 487, şöbələrinin sayı 91, ATM-lərin sayı 2997 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1% və ya 226 nəfər artaraq 22777 nəfər təşkil etmişdir. (Marja)