Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin 1-ci rübünün yekunu üzrə bank sektoru ilə bağlı əsas məlumatları açıqlayıb.
Azərbaycan bankları 3 ay ərzində - 268 MİLYON MANAT QAZANIBLAR
FED.az xəbər verir ki, bu məlumatlar AMB-nin təqdim etdiyi ənənəvi aylıq Statistik Bülletendə yer alıb və yanvar-mart aylarını əhatə edir.
Beləliklə, Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 44,843.2 mln. manat, cəmi öhdəlikləri 38,993.9 mln. manat, balans kapitalı isə 5,849.3 mln. manat olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun aktivləri 5,2 milyard manat və ya 13%, öhdəlikləri 4,3 milyvard manat və ya 12% artıb.
Mart ayında bankların kredit portfeli 1.4% və ya 281.2 mln. manat artaraq 20,038.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.8% (10,971.4 mln. manat),
ıı) istehlak kreditləri – 29.7% (5,942.4 mln. manat)
ııı) ipoteka kreditləri – 15.6% (3,124.8 mln. manat) olub.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
2023-cü il 1-ci rübün sonuna bank sektorunun öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.9%-i və ya 31,933.2 mln. manat). Depozit portfelinin 63.3%-i (20,213.7 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (11,719.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 0.6% və ya 65.5 mln. manat artmışdır. Əmanət portfelinin 53.9%-i (6,311.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,319.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması mart ayında ilin əvvəlinə nəzərən 1 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.1 faiz bəndi azalaraq 38.2% təşkil etmişdir.