"Bank BTB" ASC bu il ərzində qarşısına qoyduğu hədəflərə çatmağa nail olub".
FED.az xəbər verir ki, bu barədə açıqlamasında "Bank BTB" ASC-nin Müşahidə Şurasının sədri Rza Sadiq bildirib.
Onun sözlərinə görə, hədəflənən rəqəmlər müsbətdir: "Son maliyyə göstəricilərimiz də ondan xəbər verir ki, bankın həm aktivləri, həm mənfəəti müsbət zonadadır".
Bank rəhbəri deyib ki, bankın kapitalı normativ tələblərə cavab verir. Bununla yanaşı, bankir deyib ki, ilin sonunadək bankın kapitalının artırılması üçün müvafiq işlər aparılır: "Bizim strateji məqsədimiz daha da inkişaf etmək, böyüməkdən ibarətdir. Bu baxımdan biz istərdik ki, bizim kifayət qədər ciddi kapital bazamız olsun".
R.Sadiq kapitalın hansı məbləğdə artırılacağını səsləndirmək istəməyib. Onun sözlərinə görə, bu qərar səhmdarlar tərəfindən veriləcək. "Səhmdarlar tərəfindən qərar verilən kimi, biz ictimaiyyətə bu barədə müvafiq informasiyanı açıqlayacağıq. Əminəm ki, ilin sonunadək kapitalın artırılması prosesi yekunlaşacaq".
Müşahidə Şurasının sədri onu da bildirib ki, "Bank BTB" cari ili mənfəətlə başa vuracaq. Lakin bankir yenə də konkret bir rəqəm səsləndirməyib.
"Bank BTB" ASC 2010-cu ildə təsis edilib.