«Bank VTB» (Azərbaycan) İpoteka Fondu tərəfindən ölkə banklarına verilən kredit limitinin artırılmasını təklif edir. FED.az xəbər verir ki, bu barədə bu gün bankda keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirin məlumat verib.
Onun sözlərinə görə, hazırda bankların ipoteka proqramları öz şərtlərinə görə, İpoteka Fondu ilə rəqabət apara bilmirlər: «Fondun kreditləri daha yaxşı şərtlərlə verili rvə buna görə də fond bu məhsul üzrə oriyentir rolunu oynayır».
Eləcə də bax: Bəzi dövlət layihələrini maliyələşdirməyi – müzakirə edirik - Bank VTB Azərbaycan
Bank rəhbəri bildirib ki, hazırda fondun kreditləri agent banklar vasitəsilə yerləşdirilir. Amma banklara ayrılan limitlər mövcud tələbatı qarşılamağa kifayət etmir: «İpoteka limitlərinin artırılması yaxşı olardı. Hazırda fond tərəfindən hər bank üçün ayrıca limit müəyyən edilir. Məsələn VTB bank üçün bu il 10 milyon manat limit müəyyən olunub, amma bu məbləğ tezliklə bitəcək».
Y.Kirinin sözlərinə görə, əslində VTB Bank üçün ötən il də 10 milyon manat limit ayrılmışdı və bank bu vəsaitləri ilin sonunadək yerləşdirib. Amma bu il tələbat daha yüksəkdir: «Bu il tələbat ötən illə müqayisədə daha böyükdür. Eyni zamanda bu təhlükəsiz kreditlərdir və biz daha böyük həcmdə limitdən istifadə edə bilərik».
Limitin nə qədər artırılmasına gəlincə, bankir bildirib ki, bu il üçün nəzərdə tutulan məbləğ artıq başa çatıb: «İlk 5 ayda 10 milyon mantlıq limiti bitirmişiksə, deməli 20 milyon manat, hətta daha artıq vəsaiti sərf edə bilərik».