Azərbaycanda sığortalanan bank əmanətlərinin məbləğinə limit qoyulmalı və sığortalanan əmanət faizi aşağı salınmalıdır. Bu barədə FED.az-a Bank VTB Azərbaycanın idarə heyətinin sədri Yevgeni Kirin bildirib. Onun sözlərinə görə, sığortalanan əmanət faizlərinin yüksək olması (hazırda 10%-dir – FED.az) kredit faizlərinin də aşağı düşməsinə mane olur: «Adamlar fikirləşir ki, mən əmanətim banklarda 10%-lə yatırım. Nəticədə banklar bu vəsaiti hansı faizlərlə kreditə verməlidirlər?!»
Bank rəhbərinin sözlərinə görə, müşahidələr göstərir ki, əmanətlərin sayca əksəriyyəti 30-40 min manat arasında olan vəsaitlərdir və sığorta da məhz belə əmanətlərin qorunmasına xidmət etməlidir. Böyük məbləğdə əmanətlərin sığortalanması isə bu vəsaitlərin banklarda yatması ilə nəticələnir.
Xatırladaq ki, Azərbaycanda əmanətlərin sığortalanması 3 aydan sonra 4 mart 2020-ci il tarixində ləğv olunacaq. Hələlik onun uzadılıb-uzadılmayacağı məlum deyil.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının qərarı ilə milli valyutada illik faiz dərəcəsi 10%, xarici valyutada isə 2,5%-i keçməyən əmanətlər sığortalanır.