Bu yaxınlarda "Bank Respublika" ASC-nin rəhbərliyinə yeni təyinatın baş tutacağı gözlənilir. Bu barədə bankdakı mənbə bildirib.
Bildirilir ki, Şakir Rəhimov adıçəkilən bankın Müşahidə Şurasının üzvü təyin olunacaq. Hazırda Ş. Rəhimov "AccessBank" QSC-nin İdarə Heyəti sədrinin müavinidir. "Şakir Rəhimovun Xədicə Həsənovanı əvəzləyəcəyi gözlənilir. Bir müddət öncə Xədicə Həsənova uzun illər tutduğu İdarə Heyətinin sədri vəzifəsindən azad olunaraq Müşahidə Şurasının üzvü təyin olunub. Bankın rəhbərliyi Şakir Rəhimovun transferində olduqca maraqlıdır. Onun "Bank Respublika"ya keçidinə sayılı günlər qalıb", - deyə mənbə bildirib.
Həmsöhbətimiz onu da əlavə edib ki, Ş. Rəhimova bankın səhmdarı olmaq da təklif olunub: "Digər səhmdarlar da məsələyə müsbət baxıb. Lakin cənab Rəhimovun nə qədər paya sahib olacağı hələlik məlum deyil".
Xatırladaq ki, yanvarın 3-də "Bank Respublika" ASC-də Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib. İclas zamanı bankın İdarə Heyətinin sədri Xədicə Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Asəf Namazovun isə yeni sədr seçilməsi qərara alınıb.
Onu da əlavə edək ki, bankın səhmdarları fevralın 21-də növbədənkənar ümumi yığıncaqda toplaşacaq.
"Bank Respublika"nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), "Deutsche Investitions-und Entwicklungsgesellschaft" (16,67%), "Sparkassen International Development Trust" (8,33%) və digərləridir.