Bank Respublika və AKİA fermerlərə daha sürətli və asan şərtlərlə kreditlərlər təqdim edəcək.
Bu barədə FED.az-a bankdan məlumat verilib.
Bildirilir ki, Prezident İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını genişləndirdi və asanlaşdırdı.
Belə ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verən Bank Respublika ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında olan əməkdaşlıq çərçivəsində, respublikamızda fermer və sahibkarlar üçün verilən kreditlər daha sürətli və daha asan şərtlərlə təqdim ediləcəkdir.
Artıq fermerlər “Bank Respublika”dan maksimal müddəti 3 il olan 15 min manatadək mikro kreditləri çox qısa bir müddətdə əldə edə biləcəklər. Qeyd edək ki, daha aşağı faizlərlə təqdim olunan kreditlərin maksimal dərəcəsi 12%, güzəşt müddəti isə 12 ayadək təşkil edir.
Kreditin istifadə istiqamətləri aşağıdakılardır:
Bağçılıq
Əkinçilik
Heyvandarlıq
Quşçuluq
Digər ailə-kəndli fermer təsərrüfatları
Təqdim olunacaq kreditlər kənd təsərrüfatı sahəsində çalışan sahibkarların stimullaşdırılmasına və yeni fermer təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulub.
Yeni şərtlər fermerlərin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, onların fəaliyyətini daha da genişləndirməyə imkanı verəcək, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.