Ölkə bankları arasında informasiya texnologiyalarının inkişafına ayrıdığı böyük diqqətlə seçilən “Bank Respublika”nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakatonun qeydiyyatına start verildi.
İT sahəsində öz bacarığını nümayiş etdirmək istəyən, innovativ həllərin yaradılmasına, komanda işinə və davamlı öyrənməyə üstünlük verən iştirakçılar müsabiqəyə dəvət olunurlar. “Özünə inan, qalib ol!” şüarı altında keçiriləcək müsabiqədə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradılacaq.
Fintech və RegTech mövzularını əhatə edəcək yarışda qeydiyyat ödənişsizdir və 13 yaşından yuxarı hər kəs üçün açıqdır. Qeydiyyatdan keçmək üçün iştirakçılar minimum 2 və maksimum 5 nəfərdən ibarət komanda şəklində olmalıdrlar.
Müsabiqədə iştirak etmək istəyənlər, komandaların tərkibi, iştirakçılara dair texniki tələblərlə tanış olmaq və qeydiyyatdan keçmək üçün https://openbanking.az səhifəsinə müraciət edə bilər.
Seçim mərhələsinə qeydiyyat üçün müraciətlərin son qəbul tarixi iyul ayının 15-dir.
5-7 avqust tarixlərində baş tutacaq növbəti mərhələdə isə komandalar 50 saat davam edən yarışa qatılacaqlar 8 avqust tarixində qalib müəyyən olunacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək qalib elan olunacaq. Münsiflər heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech və özəl şirkətlərin rəhbərləri daxildir.
Ölkəmizdə açıq bankçılıq üzrə keçiriləcək ilk hakatonunda ən yüksək nəticə göstərən komandanı 5.000 AZN, 2-ci yerin qalibini 2.500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə 1.500 AZN dəyərində pul mükafatı gözləyir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.