"Bankın müştəriləri arasında bir gündə 300-ə yaxın kartdan karta köçürmə (“card to card”) əməliyyatları aparan müştərilər aşkar etmişik. Bu isə sui-istifadə hallarıdır".
Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI
FED.az xəbər verir ki, bunu sözügedən əməliyyatların məhdudlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən “Azər Türk Bank”ın (ATB) idarə heyətinin sədr müavini Orxan Qədirbəyli deyib.
"Bu komplayns baxımından düzgün deyil. Çirkli pulların yuyulması baxımından əməliyyatların özü bank üçün aydın olmadığı üçün yoxlanılıb və anormal vəziyyətin yarandığı ortaya çıxıb. Hər birimiz kart istifadəçisiyik. Biz gün ərzində neçə köçürmə edə bilərik? 3-5 və ya 10 əməliyyat ola bilər. Əməliyyatların sayı bundan artıqdırsa normal görünmür".
ATB-nin sədr müavini həmçinin əlavə edib ki, bu məhdudiyyətlər digər banklarda da tətbiq edilir. Amma bu banklar əvvəlcədən müəyyən məhdudiyyət tətbiq etdikləri üçün o qədər diqqət çəkməyib.
Qeyd edək ki, ATB artıq bir neçə gündür ki, “card to card” üzrə məhdudiyyət tətbiq etməyə başlayıb və bu da müştərilər arasında narazılıqla qarşılanıb. Bu köçürmələr üzrə günlük say limiti 15, ay ərzində isə 60 dəfə müəyyən edilib. (Apa)