Bu gün, aprelin 27-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda bir məsələ - 23.04.2020-ci il tarixdə Azәrbaycan Mәrkәzi Bankının (AMB) İdarә Heyәti tərəfindən qəbul edilmiş koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın tətbiqi mexanizminin müzakirəsi olub.
Qeyd edək ki, həmin qərarda banklara tövsiyə edilirdi ki, vətəndaşlara və sahibkarlara kredit güzəştləri etsinlər, eləcə də bunu etmək üçün banklara qarşı requlyativ tələblər bir qədər yumşaldıldı.
Toplantıda ABA üzvləri Mərkəzi Bank tərəfindən əhalinin və biznesin dəstəklənməsi üçün əlavə tədbirlər planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı bəzi praktik məqamları müzakirə ediblər.
İclasın sonunda əhaliyə göstərilən bank-maliyyə xidmətlərinin bütün karantin dövründə olduğu kimi, bundan sonra da fasiləsizliyinin təmin olunması, iqtisadiyyatın kreditləşməsi, bank-maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması kimi tədbirlərin davam etdirilməsinin vacibliyi bir daha qeyd edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.