Ötən gün ölkədə fəaliyyət göstərən banklardan biri, “Rabitəbank” ASC “Dəyişmək vaxtıdır” şüarı altında bankın loqosu, rəngi və digər göstəricilərində dəyişiklik edərək restaylinq edib.
FED.az xəbər verir ki, bununla bağlı tədbirdə bankın idarə heyətinin sədri Elçin Qədimov bankın adının dəyişəcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib:
“Gördüyünüz kimi təntənə ilə tədbir keçirdik. İkinci dəfə bunu yaxın vaxtlarda keçirməyəcəyik. Biz bankın adının daəyişdirilmısi barədə düşünürdük. Amma yekunda qərara gəldik ki, adımızın uzun müddət ərzində toplanmış müsbət reputasiyası var və biz hər iki krizisdən başı uca çıxa bilmişik.
Bankımız hər zaman etibarlı bank kimi həm əmanətçilər qarşısında , həm də istənilən hüquqi və fiziki şəxslər qarşısında etibarlı bank kimi tanınıb. Ona görə də düşündük ki, bankın etibarlı olması kifayət qədər önəmli olduğu üçün biz adımızla bu günə gəlib çıxmışıqsa bunu qoruyub saxlayaq.
Ona görə, düşündük ki,mövcud adımızın üzərində imicimizi , loqomuzu, şüarımızı , rəngimizi dəyişib adımızı saxlayaq. Yaxın gələcəkdə adımızı dəyişməklə bağlı hər hansı planlarımızı olmayacaq».
Həmçinin bank rəhbəri nə üçün yeni rəng olaraq yaşıl rəngin seçilməsini açıqlayıb.
“Bazarda banklar tərəfindən istifadə edilən rəngləri və rənglərin insanlar tərəfindən qəbul olunmasını araşdıraraq loqonun və korporativ üslubun yaşla dəyişdirilməsinə qərar verdik. Yaşıl rəng sakitləşdirən, gözü yormayan rəngdir.Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo, dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışlarını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla bərabər, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır"-deyə Elçin Qədimov bildirib.