Bank Ombudsmanı İkram Kərimov Dünya Bankının baş maliyyə məsləhətçiləri İvor İstuk və Rozamund Kler Qredi ilə görüşüb.
Bu barədə FED.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
Məlumatda deyilir ki, görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısı Bəhruz Əhmədov və Bank Ombudsmanının məsul katibi Elçin Həsənov iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı institutu və görülmüş işlər haqqında məlumat almaq, fikir mübadiləsi aparmaq olub.
İ.Kərimov ilk öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb. O, müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu probləmlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcə də Dünya Bankının verə biləcəyi dəstəyin önəmli olduğunu qonaqların nəzərinə çatdırılıb.
Dünya Bankının nümayəndələri isə, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm və yerində atılmış bir qərar olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndirib. Onlar ümid ediblər ki, bu fəaliyyətin uğurla inkişafına nail olunacaq və problemli kreditlərin sayının azalmasında böyük irəliləyiş əldə ediləcək.
Xatırladaq ki. Bank Ombudsmanın yaradılması haqqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında bəyannamənin imzalanması üzərində danışıqlar aparılır.