“Bank of Baku” ASC 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, bank zərərdən mənfəətə keçib. Səbəb 2018-ci ilin 1-ci rübündə "Bank of Baku"nun mümkün zərərlərin ödənilməsi üçün yaratdığı ehtiyatlarının 22 milyon 343 min manatını gəlirə çevrilib. Gəlirə çevrilmiş ehtiyatların bir hissəsi xərclərin ödənilməsinə yönəlsə də, 234 min manat xais mənfəət əldə edə bilib.
Xatırladaq ki, 2017-ci ilin eyni dövründə bankın 3 milyon 538 min manat zərəri vardı.
Hesabata əsasən, Bankın cəmi gəlirləri 11 milyon 913 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübündə 11 milyon 955 min manat cəmi gəlir əldə etmişdi.
“Bank of Baku” 31 Mart 2018-ci il tarixinə 311 milyon 828 min manat aktivlərə malikdir. Bu isə 3 ay əvvəlki, yəni 2017-ci ilin sonuna olan göstəricidən 88 milyon azdır. Bir sözlə bankın aktivləri azalmaqda davam edir. Eyni zamanda bank 275 milyon 656 min manat öhdəliklərə və 36 milyon 171 min manat kapitala malikdir.
Bank üçün əsas göstəricilərdən olan kredit və depozit portfelində də vəziyyət ürəkaçan deyil. Beləki, bankın müştərilərə verdiyi cəmi kreditlər ötən ilin sonundakı 197 milyon 694 min manatdan 177 milyon 829 min manata düşüb. Depozitlər isə 241 milyon 742 min manatdan 178 milyon 259 min manata qədər azalıb. Bankların və maliyyə institutlarının depozit və kreditləri də düşüb.
31 Mart 2018-ci il tarixində “Bank of Baku” 22 milyon 259 min manat məcmu kapitala malik olub. Bu isə banklar arasındakı ən pis göstəricidir.