“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 8 milyon 612 min manat xalis mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ay ərzində “Bank of Baku”un faiz gəlirləri 26,7% artaraq 40 milyon 133 min manata çatıb. Faiz gəlirlərinin böyük hissəsi - 37,7 milyon manatı müştərilərə verilən kreditlərin faizləridir, bu göstəricidə 23,5% artım var.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
İlk 9 ayda «Bank of Baku» qiyməftli kağızlardan 1,5 milyon faiz gəliri əldə edib. Bu ötən illə müqayisədə 4 dəfə artıqdır.
Bankın faiz xərcləri isə cəmi 1,3% artaraq 8 933 min manata çatıb.
Hesabat dövründə bankın xalis faiz gəliri 31,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% artıqdır.
Hesabat dövründə «Bank of Baku»nın qeyri-faiz gəlirləri 19% artaraq 7 milyon 548 min manat olub. Bu il bank valyutadəyişmələrindən 1 milyon 183 min manat qazanıb ki, bu da ötən ilki dövrdən 4 dəfə artıqdır.
Eləcə də bax: "Bank of Baku" Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürdü!
Bankın qeyri-faiz xərcləri isə 22% artaraq 27 milyon 639 min manat olub. Məsələn bu dövrdə bankda əmək haqları 8,7% artıb.
Nəticədə ilk 9 ayın nəticəsi olaraq bankın əməliyyat mənfəəti 11 milyon 109 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıqdır (ötən ilin bu dövrü əməliyyat mənfəəti 6,5 milyon manat olmuşdu).
Bu ilin ilk 9 ayının nəticəsində bankın vergidən əvvəlki mənfəəti 11 milyon 535 min manat olub, bundan 2 milyon 923 min manat vergi çıxılandan sonra «Bank of Baku» 3-cü rübü 8 milyon 612 min manat xalis mənfəətlə başa vurub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə azdır, amma qeyd edək ki, ötən il belə böyük mənfəət vaxtilə problemli kreditlərə görə, 34 milyon manatlıq ehtiyat ayırmalarının yenidən balansa qaytarılması ilə bağlı idi.
Bu il oktyabrın 1-nə “Bank of Baku”un aktivləri 394,196 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 3,4% artıqdır. Bunun 244,968 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir, ilin əvvəlindən bankın kredit portfeli 11,4% böyüyüb. Bankın biznes kreditləri 15,7% artaraq 94 milyon 812 min manata yüksəlib.
Hesabat dövründə “Bank of Baku”un öhdəlikləri 1,3% artaraq 321,293 milyon manata çatıb. Bankın depozit portfeli isə 180 milyon 795 milyon manat olub.
Oktyabrın 1-ə olan məlumata görə, Bankın cəmi kapitalı 72 milyon 903 min manatdır ki, bu da ilin əvvəli ilə müqayisədə 14% artıqdır.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.