Son bir ildə "Bank of Baku" ASC əməliyyat xərclərini 40%-dək azaldıb.
Bunu Bankın İdarə Heyətinin (İH) sədri Abbas İbrahimov deyib.
Onun sözlərinə görə, buna nail olmaq üçün 2015-ci ilin II rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılması proqramına start verilib: "Eyni zamanda, cəlb etdiyimiz vəsaitlər üzrə faiz xərclərini də optimallaşdırmağa davam edirik. Belə ki, bazardakı vəziyyətə çevik reaksiya verir, şərtlərimizi daim nəzərdən keçirərək bazara uyğun şəkildə müəyyən etməyə çalışırıq. Təsadüfi deyil ki, yüksək faizlə xarici valyutada əmanət yerləşdirmiş müştərilərimizə vəsaitlərini fərqli istiqamətdə istifadə etmək niyyətləri olduqları halda, heç bir cərimə ödəmədən, vaxtından əvvəl bankdan çıxarmalarına imkan yaradan ilk banklardan olduq. Bankın yüksək likvidliyi buna imkan verən əsas amillərdən biridir. Həmçinin, manat valyutasında əmanət hesabı açmaq istəyən şəxslərə Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə təyin etdiyi faiz dərəcəsinə uyğun şəkildə məhsullar təqdim edirik. Qeyd etdiyim bütün bu addımlar, faiz xərclərimizi daim nəzarətdə saxlamağımıza imkan verir".
A.İbrahimov qeyd edib ki, xərcləri azaltmasına baxmayaraq, "Bank of Baku" 2016-cı ilin 9 ayını zərərlə başa vurub. Sədr bunu Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərlə izah edib: "Son 9 ay ərzində bu məqsədlə 82 mln. manatdan artıq həcmdə ehtiyat ayırmışıq və ehtiyatlara ayırmalar üzrə ölkədəki ilk iki bankdan biriyik. Bu ehtiyatın ayrılması Bankın dayanıqlılığı və gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır. Qeyd edim ki, ayrılan ehtiyatların kredit portfelinə nisbətinə görə isə bazarın lideriyik".
Bank rəhbəri əlavə edib ki, hazırda "Bank of Baku" işini daha çox rəqəmsal əsaslarla qurmağa çalışır: "İnternet bankçılıq kimi müasir texnologiyalardan istifadəni genişləndiririk. Çalışırıq ki, müştərilərimizin bank xidmətlərinə çıxışını mümkün qədər filiallara gəlmədən təmin edək. Bu müştərilərə filialda növbə gözləmədən, daha aşağı tariflərlə xidmətlərimizdən faydalanmasına imkan yaratmaqla yanaşı, Banka əməliyyat xərclərini azaltmağa da şərait yaradır".
A.İbrahimov hesab edir ki, "Bank of Baku" post-neft dövrünün yaratdığı yeni reallıqlara uyğunlaşmağa çalışır: "Əvvəl daha çox pərakəndə bankçılıqla məşğul idik, indi isə məqsədimiz universal bank olmaqdır. Strateji baxışımız bu yöndədir. Korporativ bankçılıqla bağlı fəaliyyət istiqamətimizi yenidən nəzərdən keçirdib, uyğun tariflərlə xidmət dairəmizi genişləndirməyi hədəfləmişik. Kiçik və orta sahibkarları bankımıza cəlb etmək üçün onların ehtiyaclarına uyğun məhsullarımızı yeniləyir və yeni xidmətlər təqdim etmək niyyətindəyik. Onu da qeyd edim ki, növbəti ay bazarda müəyyən canlanmaya səbəb olacaq bir yeniliyimiz gəlir. Belə ki, hüquqi şəxslər üçün yeni kart məhsulumuzun təqdimatına hazırlaşırıq. Bu məhsul şirkət sahiblərinə bir sıra üstünlüklər qazandıracaq".