Azərbaycanın bank sektorunun ən aktiv iştirakçılarından olan «Bank of Baku» 2022-ci il üzrə yüksək nəticələr açıqlayıb.
«Bank of Baku»dan yüksək mənfəət – RƏQƏMLƏR AÇIQLANDI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ötən il «Bank of Baku»nun aktivləri 40%, xalis mənfəəti isə 60%-dən çox artıb. Artım bankın bütün göstəricilərində özünü göstərir.
Ümumiyyətlə, 2022-ci il «Bank of Baku»nun əksər göstəricilərində 40% artımla yadda qalıb.
Bank böyüyüb - aktivləri 40% artıb, tərkibi dəyişib
2022-ci ildə bankın aktivlərində ciddi yeniliklər olub. Əvvəla onların həcmi 204 milyon manat ya və 40% artaraq 701 milyon manat yüksəlib – bu sürətlə «Bank of Baku» qarşıdakı 2 ildə ölkədə növbəti bir milyardlıq banka çevrilə bilər.
Digər maraqlı dəyişiklik aktivlərin tərkibində baş verib – «Bank of Baku»nun menecmenti nağd vəsaitləri və qiymətli kağızlara yatırımları azaldıb – nağd vəsaitlər 40% azalma ilə 86 milyon manatdan 49 milyon manata enib. Qiymətli kağızlara yatırımları isə 42% azaldılaraq 22 milyona endirilib.
Yeri gəlmişkən, qiymətli kağızlar portfelinin kiçilməsi özünü dərhal bu sahədəki gəlirlərdə göstərib – QK-dan gələn gəlirlər əvvəlki ildəki 2,4 milyon manatdan 1,8 milyon manata enib.
Bu «əməliyyatdan» əldə edilən 52 milyon manatın 34 milyon manatı başqa banklara kredit şəklində ayrılıb.
Kredit portfeli və ondan gəlirlər artıb
Ən böyük yenilik isə bankın kredit portfelində baş verib – 2022-ci ildə «Bank of Baku»nun kredit portfeli 40% artaraq 414 milyon manatdan 577 milyon manata yüksəlib.
Kredit portfelinin 398 milyon manataını istehlaak kreditləri (44% artıb), 155 milyon manatını biznes kreditləri (28% artıb), 11,5 milyon manat isə əmlak kreditləri olub.
Kredit portfelinin artımı özünü dərhal gəlirlərdə də göstərib – bankın kredit faizlərindən gəlirləri 32 milyon manat və ya təqribən 50% artaqaq 65 milyon manatdan 97 milyon manata yüksəlib.
Ümumiyyətlə 2022-ci ildə bankın faiz gəlirləri 32 milyon manat artaraq 68 milyon manatdan 100 milyona yüksəlib – 47% artım.
Bankda saxlanan pullar artıb, depozit portfeli 50% böyüdü
Bankın öhdəliklərində baş verən dəyişiklik isə özünü faiz xərclərində hiss etdirib. 2022-ci ildə «Bank of Baku»nun ümumi öhdəlikləri 175 milyon manat və ya 405 artaraq 578 milyon manata yüksəlib. Xüsusilə depozit portfelində 118 milyon manat və ya 48% artım olaraq 365 milyon manat yüksəlib.
Fiziki şəxslərin əmanətləri 110 milyon manata yaxın artaraq 330 milyon manata yüksəlib. Hüquqi şəxslərin depozitləri isə 10 milyon manat artımla 35 milyon manatı keçib.
Əmanət sahiblərinə ödənilən vəsaitlər yüksəldi
Əmanətlərin artımı dərhal özünü bankın ödədiyi əmanət faizlərində göstərib. 2022-ci ildə «Bank of Baku» depozit sahiblərinə 21 milyon manat ödəyib ki, bu da əvvəlki ildən 8,5 milyon manat və ya 70% artıqdır.
Başqa faiz xərcləri ciddi məbləğ deyil və bank bu maddəni təqribən 23 milyon manatla bağlayıb.
Nəticədə il üzrə xalis faiz gəliri 77 milyon manatı keçib – əvvəlki ildən 42% artıqdır,
Xarici valyuta əməliyyatlarında müsbət dəyişiklik
Başa çatan ildə «Bank of Baku»nun qeyri-faiz gəlirləri təqribən 2 milyon manat artıb. Haqq və komissiya gəlirləri cəmi 500 min manat artaraq 10,9 milyon manat yaxınlaşıb. Əvəzində Bank 2022-ci ildə xarici valyuta əməliyyatlarında vəziyyəti öz xeyrinə dəyişib. 2021-ci ildə bu maddədə 400 min manat zərər edən bank 2022-ci ildə 900 min manat gəlirlə çıxıb.
Əmək haqları 7 milyon manat artıb
Qeyri-faiz xərclər isə 11 milyon manata yaxın artaqaq 55 milyon manata yaxınlaşıb. Ötən il «Bank of Baku» öz əməkdaşlarına 29 milyon manat əmək haqqı ödəyib – 7 milyon manat artıq. Bankın inzibati xərcləri 800 min manat artaraq 4,6 milyon manat, digər xərcləri isə 19,4 milyon manat olub.
Xalis mənfəti 60% yüksəlib
Nəticədə «Bank of Baku» 2022-ci ili 34,1 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. 2021-ci ildə bu göstərici 20 milyon manat olmuşdu.
Əvvəlki dövrlərdə ehtiyatar üçün ayrılan 12 milyon manat vəsait də geri qaytarılandan sonra «Bank of Baku»nun vergidən əvvəlki mənfəəti 46,2 milyon manata yüksəlib.
Bunun 9,3 milyon manatı vergi kimi ödənilib, nəticədə bankın xalis mənfəəti 36,8 milyon manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 60% artıqdır.
Kapitalını 28 milyon artırıb
Yüksək mənfəət «Bank of Baku»nun kapital göstəricilərinə də müsbət təsir edib. 2022-ci ilin sonunda Bakın cəmi kapitalı 28 milyon manat artaraq 122,9 milyon manata çatıb. Bunu cəmi 52 milyon manatı səhmdar kapitalıdır. Bundan baqşqa, kapitalda Bankın bölüşdürülməmiş mənfəət şəklində 61 milyon manatlıq ehtiyatı da formalaşıb.