Azərbaycanda kommersiya banklarında mühüm iştirak payına malik olan şəxslər və onların menecmenti üçün hüquqi platforma hazırlanır. Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bunun məqsədi ehtiyatsız davranış nümayiş etdirən bank rəhbərlərinin maddi, inzibati və cinayət məsuliyyəti daşımasına nail olmaqdır: “Bunun üçün müvafiq qanun layihəsi hazırlanıb”.
R.Aslanlı onu da qeyd edib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu müflis olan bankların əmanətçilərinə kompensasiya ödənişini uğurla davam etdirir və hazırda qurumun yüksək səviyyədə kapitallaşdırılması, maliyyə dayanıqlılığının təmin edlməsi, tədricən dövlətin kompensasiya ödənişi prosesindən çəkilməsi istiqamətində iş aparılır: “2005-ci ildə bu fond yarananda da nəzərdə tutulmuşdur ki, o, tədricən risk əsaslı yığım modelinə keçsin”.
Palata rəhbəri onu da deyib ki, hazırda banklarda fərdi məsuliyyət xəritəsinin yaradılması ilə bağlı iş aparılır: “Müxtəlif sahələrə, risklərə, qərarlara cavabdeh olan inzibatçılar olacaq və onlar maliyyə nəzarəti orqanına təqdim ediləcək”.
R.Aslanlı əlavə edib ki, MBNP bank girovlarının satışından əldə olunan vəsaitin vergidən azad olunmasını təklif edir: “Təcrübə göstərir ki, bəzən biznesmenin girovu satıldıqdan sonra da bank qarşısında borclu qalır, bu problemin həlli üçün yollar axtarılır”.