“Bank Melli İran” Bakı filialı 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər veri ki, hesabat filialın mənfəətinin azalmasına baxmayaraq, balansının böyüdüyünü və yığılmış zərərini əhəmiyyətli dərəcə də azaltdığını göstərib.
Filial 2025-ci ilin 9 ayını 4,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 645,5 min manat və ya 12,8% azdır.
Bu azalmaya səbəb, aktivlər üzrə ehtiyatlara edilən ayırmaların azalmasına baxmayaraq, inzibati xərclərin artması olub. Filialın faiz gəlirləri 4,3 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 573,9 min manat (15,4%) artımdır.
Filialın faiz xərci olmayıb.
Aktivlər üzrə ehtiyatlara 1,2 milyon manat vəsait ayrılıb. Bu da illik 1,3 milyon manat (50,9%) azalmadır.
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir 177,8 min manat olub. Bu, illik 119,4 min manat (3,1 dəfə) artım deməkdir.
İnzibati xərclər 125,8 min manat (11,1%) artımla 1,3 milyon manat təşkil edib.
Bu amillərin birgə təsiri ilə filialın vergidən əvvəlki mənfəəti 4,4 milyon manat olub. Bu, illik müqayisədə 645,5 min manat (12,8%) azalmadır.
Filialın cəmi aktivləri 121,3 milyon manata bərabər olub. Bu,ötən ilin sonu ilə müqayisədə 2,2 milyon manat (1,9%) artım deməkdir
Bu böyümənin əsas səbəbi, ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların 59,4 milyon manata yüksələrək 26,7 milyon manat (81,5%) artmasıdır.
Maliyyə institutlarından alacaq vəsaitlər 15,4 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 25,4 milyon manat (62,1%) azalma deməkdir.
Müştərilərə verilmiş kreditlər 2,2 milyon manat olub ki, bu da ötən ilin sonuna nəzərən 732,3 min manat (48,9%) artım deməkdir.
Nağd pul vəsaitləri 38,4 milyon manat səviyyəsində, demək olar ki, dəyişməz qalıb.
Tikili və avadanlıqlar 3 milyon manata yaxınlaşıb. Bu isə ötən ilin sonu ilə müqayisədə 26,1 min manat (0,9%) çoxdur.
Hesabat dövründə cəmi öhdəliklər 68,0 milyon manat təşkil edib. Bu da 9 ay ərzində 2,2 milyon manat (3,1%) azalmanın baş verməsi deməkdir.
Müştəri hesabları 35,6 milyon manat səviyyəsində, demək olar ki, dəyişməz qalıb.
Maliyyə institutları qarşısında öhdəliklər 2,7 milyon manat (15,9%) azalaraq 14,1 milyon manata düşüb.
Subordinasiya borc öhdəlikləri isə 18,0 milyon manata bərabər olmaqla ötən ilin sonuna nəzərən 2 milyon manat (12,6%) artıb.
Cəmi kapital 53,3 milyon manata yüksəlib. Bu isə 9 ay ərzində 4,4 milyon manat (8,9%) artımdır.
Bu artımın yeganə səbəbi, yığılmış zərərin 24,7 milyon manatdan 20,3 milyon manata enməsidir ki, bu da 4,4 milyon manatlıq bir yaxşılaşmadır.
Nizamnamə kapitalı isə 73,6 milyon manat səviyyəsində dəyişməz qalıb.