Bu gün ölkənin aparıcı prosessinq mərkəzi olan «Azərikard»da yaranan problemə görə, Azərbaycan banklarının kart xidmətlərinlə, mobil ödənişlərdə və posterminallarda problemlər yaranıb.
FED.az xəbər verir ki, problem səbəbindən bir neçə saat ərzində «Azericard»la bağlı olan banklarda heç bir əməliyyat həyata keçirmək mümükün olmayıb. Eləcə də sistemlə bağlı olan «Azal», «Mobil Notariat» kimi platformalarda da problem baş verib.
Məsələ ilə bağlı məlumat yayan «Azərikard» bildirib ki, məsələ texniki səbəblərlə bağlıdır. Məlumatda bildirilir: «Azərikard» prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb. Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq. Müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınıza görə təşəkkür edirik!»
Bakı vaxtı ilə saat 12-də «Azərikard» növbəti məlumat yayaraq problemin həll edildiyini açıqlayıb. «Azərikard» prosessinq mərkəzinin sistemində baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb. Bütün fəaliyyət tam olaraq bərpa edilib. Müvəqqəti narahatlığa görə üzr istəyir, səbrinizə görə təşəkkür edirik!»-deyə bildirilib.