Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçılarına dair tələblər dəyişir.
Mərkəzi Bankın - İqtisadi Müstəqilliyi Artırılır
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, inzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
- bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
- bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
-yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
- bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
- bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
- bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
- baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
Nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların qanunun müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
Nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir (Mərkəzi Banka bu barədə yazılı məlumat verilməsi şərtilə).
Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.