2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada həyata keçirilən real sektorun dəstəklənməsində mühüm rol oynayır.
FED.az xəbər verir ki, ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları istifadəyə verilib. Bu yaxınlarda isə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.
Yeni inzibati bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə direktor otağı, əlavə iş otaqları və foye nəzərdə tutulub. Artıq hər iki mərtəbədə beton işləri başa çatıb, birinci mərtəbədə hörgü işləri aparılır. Yaxın günlərdə isə binanın dam örtüyünün vurulmasına başlanılacaq.
Eləcə də bax: Problemli kreditlər azalmaqda davam edir - STATİSTİKA
Obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulmuş geyim formaları, lazımi avadanlıqlarla təmin olunublar. İnşaat işlərində kaeyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.
Yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.