“Bank BTB” ASC 2018-ci ilin birinci rübünü 298 min manat xalis mənfəət ilə başa vurub. FED.az xəbər verir ki, bank 2017-ci ilin eyni dövründə 1 milyon 144 min manat zərər etmişdi.
Gəlirləri necə artıb?
Bankın hesabatına əsasən, istinadən xəbər verir ki, bu ilin 3 ayında “Bank BTB”nin faiz gəlirləri 4 milyon 142 min manat, qeyri-faiz gəlirləri 1 milyon 252 min manat təşkil etməklə cəmi gəlirləri 5 milyon 394 min manata çatıb. Gəlirlərin 3 milyon 828 min manatı kreditlər üzrə faizlərdən toplanıb. Qeyri-faiz gəlirlərinin 639 min manatını isə komisyon haqları təşkil edir. 2017-ci ilin yanvar-mart ayları üzrə nəticədə isə “Bank BTB”nin faiz gəlirləri 3 milyon 453 min manat, qeyri-faiz gəlirləri 819 min manat olmaqla cəmi gəlirləri 4 milyon 272 min manat idi. Yəni, müqayisə etsək, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% artıb.
Bankın faiz xərcləri 2 milyon 536 min manat təşkil edib. Bunun 1 milyon 415 min manatı depozitlər üzrə faizlərin ödənilməsinə xərclənib. Nəticədə xalis faiz gəliri 1 milyon 606 minə düşüb. Bankın qeyri-faiz xərcləri 2 milyon 889 min manat olub. Bunun 2 milyon 295 min manatı inzibati xərclərdir.
2018-ci ilin ilk rübündə də “Bank BTB”nin gəlirləri xərclərini bağlamağa kifayət etməyib və nəticədə 31 min manatlıq əməliyyat zərəri yaranıb. Kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 329 min manatı gəlirə çevrildiyindən həm zərər bağlanıb, həm də Bankın 298 min manat mənfəəti formalaşıb.
Xatırladaq ki, 2017-ci ildə də “Bank BTB” 5 milyon 350 min manat əməliyyat zərəri açıqlamışdı. Eyni qayda ilə yəni ehtiyatın gəlirə çevrilməsi nəticəsində həm əməliyyat zərəri bağlandı, həm də 687 min manat xalis mənfəət yaranmışdı.
Eləcə də bax : "Muğan Bank" yenə zərər içində - HESABAT
Kredit portfeli artıb
31.03.2018-ci il tarixinə “Bank BTB” 290 milyon 270 min manat cəmi aktivlərə malik olub, ötən ilin eyni dövründə isə aktivlərin həcmi 239 milyon manat idi, yəni aktivlər 20 faiz yüksəlib. Aktivlərdə kreditlərin həcmi 118 milyon manatdan 153 milyon manata yüksəlib. Qeyri-maddi aktivlərin həcmi də 49 milyondan 66 milyona yüksəlib.
Öhdəlik nəyin hesabına yüksəlib?
Bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 201 milyon manatdan 235 milyon manata qalxıb. Bunun səbəblərindən biri bankın əmanət portfelinin artmasıdır. Belə ki, 2017-ci ilin birinci rübündə bankın depozit portfeli 60 milyon manat idisə, hazırda 93 milyon manata yüksəlib. Bankın balans kapitalı 54 milyon 710 min manat təşkil edir.
31.03.2018-ci il tarixində “Bank BTB” 54 milyon 57 min manat məcmu kapitala malik olub.
İlhamə Abdullayeva