Bank BTB 2022-ci ilə zərərlə başlayıb.
FED.az bankın 2022-ci ilin 1-ci rübü ilə bağlı açıqladıı hesabata istinadən bildirir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri 4 milyon 6 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12,4%, faiz xərcləri isə 10,2% artıb.
Nəticədə 1-ci rübdə xalis faiz gəliri isə 2 milyon 853 min manat olub.
İlk rübdə «Bank BTB»nin qeyri-faiz gəlirləri 2 qat azalaraq 1 milyon 56 min manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 2 milyon manatdan artıq idi.
Bankın qeyri-faiz xərcləri isə 10,5% azalaraq 4 milyon 2 min manat düşüb – ötən il 4 474 min manat idi.
Bu dövrdə banka göstərilən xidmətlər üzrə haqqı və komissiya xərcləri (yəni bankın xərcləri) 77% artaraq ötən ilki 1 milyon 178 min manatdan 2 milyon 89 main manata yüksəlib.
Bankın inzibati xərcləri isə kəskin - 42% azalıb. Əgər ötən ilin 1-ci rübündə Bank BTB-nin inzibati xərcləri 3 milyon 297 min manat təşkil etmişdisə, 2022-ci ilin 1-ci rübündə bu göstərici 1 milyon 913 min manat enib. Qeyd edək ki, inzibati xərclər əsasən əməkdaşlarının əmək haqqı, ofislərin icarə haqqı və təsərrüfat xərclərindən ibarətdir. Bu xərclərin azalması adətən bankın qənaətə keçməsinin göstəricisi sayılır.
Nəticədə bank 1-ci rübü 93 min manat əməliyyat zərəri ilə baş vurub. Yəni bankın fəaliyyətindən əldə edilən gəlirləri onun xərclərini qarşılamaq üçün kifayət etməyib. Ötən ilin eyni dövründə bu göstərici 59 min manat olmuşdu.
Üstəlik, Bank BTB 1-ci rübün nəticələrinə görə, 3 milyon 201 min manat da aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat yaratmağa ayırıb.
Nəticədə bank 1-ci rübü 3 milyon 295 min manat xalis zərərlə bağlayıb. Ötən ilin eyni dövründə bank 365 min manat mənfəət əldə etmişdi.
2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, Banrk BTB-nin aktivləri 6% artaraq 356,8 milyon manata çatıb. Bunun 247 milyon manatı müştərilərə evrilən xalis kreditlərdir.
Bankın öhdəlikləri isə 305 milyon manat olub. 1-ci rübdə bankda müştərilərin tələbli depozitləri az qala 2 dəfə azalaraq 27 milyon manatdan 15,8 milyon manata düşüb.
Müddətli depozitlər isə 103 milyondan 130 milyon manata yüksəlib.
1-ci rübün nəticələrinə görə, bankın kapitalı da zərərin həcmi qədər azalaraq 54 milyondan 51,6 milyon manata düşüb. Bank BTB-nin bu göstəricisi Mərkəzi Bankın banklar qarşısında qoyduğu tələbin minimum həddinə yaxınlaşıb.