Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri artırılır.
Eləcə də bax: Azərbaycanda investisiya təşviqi sənədi almaq üçün - RÜSUM TUTULACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.
Qanuna təklif edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 5 manat rüsum müəyyənləşir.
Əvvəl bu məbləğ 3 manat nəzərdə tutulmuşdu.
Digər hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 11 manatdan 15 manata qaldırılır.
Həmçinin, hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün rüsum 2 manatdan 3 manata, sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) rüsum 1 manatdan 2 manata qaldırılır.