“Bank Avrasiya” ASC bu ilin I rübünü 351 min manat mənəfəətlə başa vurub.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Yanvar-mart aylarında “Bank Avrasiya”nın gəlirləri 3,318 milyon manat (illik müqayisədə 7% çox), xərcləri 1,614 milyon manat (1,9% az), xüsusi ehtiyatlara ayırmaları 1,354 milyon manat (3,4% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Bank Avrasiya”nın aktivləri 158,162 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% azdır. Bunun 97,556 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,3% böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 5,9% azalaraq 86,689 milyon manata, o cümlədən depozit portfeli 8,9% azalaraq 41,084 milyon manata düşüb, balans kapitalı isə 2,2% artaraq 71,473 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur. (Report)