İyunun 23-24-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Rəhbərlər Şurasının 24-cü İllik toplantısı keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirlyii məlumat yayıb.
Bildirilir ki, toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək.
İllik Toplantı çərçivəsində BSTDB, Azərbaycan hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində BSTDB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək.
Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.
Xatırladaq ki, hazırda BSTDB-nin elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.
BSTDB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Bankın Azərbaycanda 38 layihə üzrə portfeli 537 milyon avro təşkil edir. (Report)