Yanvarın 16-da keçirilən açıq hərracın nəticələrini Əmanətlərin Sığortalanması Fondu bugün, yəni yanvarın 20-də açıqlayıb. FED.az xəbər verir ki, açıq keçirildiyi deyilən hərracın nəticələri ilə bağlı məlumatlarda əmlakların neçəyə satılması ilə bağlı heç bir məlumat yoxdur.
Məlumata əsasən, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası 16 yanvar 2018-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib. Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan 1 (bir) ədəd “Mercedes-815” yük avtomobili,1(bir) ədəd “Fiat Doblo Cargo”, 3 (üç) ədəd “Mitsubishi Lancer”, 4 (dörd) ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 (bir) ədəd embosser “Matica Z9” satıldı.
Həmçinin ləgv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1(bir) ədəd “Mitsubishi Pajero”, 1(bir) ədəd “Ford Focus” minik avtomobilləri, 1(bir) ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser “Matica Z3” satılıb.
Qeyd edək ki, hərracdan dərhal sonra FED.az hərracı keçirən şirkətlə əlaqə saxlamışdı. İşlərinin çox olduğu bəhanə gətirən, hərracı keçirən şirkət, yəni "Külək" MMC qiymətlər barədə məlumatları açıqlamaqdan imtina etmişdi. Hərracın keçirildiyi məkandan olan video görüntülərdə isə əvvəlcə boş zal, daha sonra 2 nəfər vardı. 11 avtomobili "Külək necə aparıb", necə satıb, bu, çox maraqlıdır. Bununla bağlı hər iki tərəfin açıqlamalarını dərc etməyə çox şad olardıq.
Qeyd edək ki, bağlanan bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu (ADİF) çıxış edir. Hazırda ADİF-də 13 bankın ləğvedilmə prosesi gedir.
Bağlanan bankların əmlakları satılır: ancaq qiymət açıqlanmır
11:56
20 Yan 2018