Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə 17 iyul 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.
Fonddan FED.az-a verilən məlumata görə, «Atabank» və «Amrahbank»ın əmanətçilərinə pullar Kapitalbankda qaytarılır və proses iyunun 1-dən başlayıb.
«AG Bank» və «NBC Bank»dakı əmanətlər isə iyunun 16-dan etibarən Beynəlxalq Bank vasitəsilə qaytarılır. Pullar Azərbaycan Beynəlxalq Bankının adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Xatırladaq ki, «Əmanətlərin sığoratalanması haqqında» Qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.