İki gün əvvəl fəaliyyəti dayandırılan və lisenziyası ləğv edilən «Amrahbank»ın işçiləri bankda etiraz aksiyası keçiriblər.
Eləcə də bax: Bağlanan bankların işçiləri üçün - YAXŞI XƏBƏR – İŞƏ DÜZƏLƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı «Azad Söz» kanalına istinadən xəbər verir ki, bank əməkdaşları bankın bağlanmasına, eyni zamanda maaşlarının verilməməsinə etiraz ediblər.
Bankın hüquqşünası Mehdi Mehdiyev bildirib ki, «Amrahbank»ın əməkdaşları artıq maaşlarını ala bilmirlər: «İndiyədək bizim maaşımız bir gün də gecikməyib, amma artıq indi maaşımızı vermirlər». Bankda 700 nəfərin çalışdığını bildirən M.Mehdiyev deyib ki, bankın məhz indi bağlanması ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə işçilərin ixtisar edilməməsi ilə bağlı tapşırıqlarına ziddir.
Bank nümaynədəsi indiyədək kreditorların və əmanətçilərin bankdan heç bir şikayətinin olmadığını bildirib (AMB rəhbərliyi məhz bu səbəblər və kapital çatışmazlığı səbəbindən bankın lisenziynı geri alıb).
Hüquqşünas Mərkəzi Bankın rəhbərliyini ayrı-seçkilikdə də ittiham edib, onun sözlərinə görə AMB başqa banklara 60-70 milyon vəsait ayırdığı halda «Amrahbank»a güzəşt edilməyib. Bankın digər əməkdaşları da pandemiya dövründə işsiz qalmalarına etiraz edib və maaşlarının verilməsiin tələb ediblər.
Bankın insan resurslarının inkişafı şöbəsinin müdiri Ramin Bayramov isə bildirib ki, hazırda AMB-nin nümayəndələri ilə işçilərin maaşlarının şhesablanıb ödəməsi barədə danışıqlar aparılır.
Qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə aprelin 27-də ölkənin 4 bankına – «Ata bank», «Amrah bank», «Ag Bank» və «NBC Bank»a müvəqqəti inzibatçı təyin edilib.
Aprelin 2-də bu banklardan ikisinin – «Amrah bank» və «Atabank»ın lisenziyaları geri alınıb.
FED.az xatırladır ki, bağlanma anında «Amrah bank»ın cəmi kapitalı 8,9 milüon manat təşkil edib ki, bu da Mərkəzi Bankın tələblərindən 5 dəfə aşağıdır.