Azərbaycan bank sektorunun ümumi kredit portfeli bu ilin oktyabrın 1-nə 29 milyard 276,3 milyon manata çataraq yeni bir tarixi rekorda imza atıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 570,3 milyon manat və ya 9,6% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-nə bankların cəmi kredit portfeli 26 milyard 706 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (27 mlrd. 477,7 mln. manat) ilə müqayisədə artım 1 milyard 798,6 milyon manat (6,5%) təşkil edib. Aylıq müqayisədə isə (sentyabra nəzərən) portfel 571,4 milyon manat (2,0%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli ötən ilin eyni dövründə 26 milyard 706 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, bu ilin sentyabrın 1-də isə 28 milyard 704,9 milyon manat təşkil edirdi.













