Azərbaycanda bank əmanətlərinin məbləği 15 milyard manata yaxınlaşıb.
- Adambaşına düşən bank əmanəti məbləği üzrə - ŞƏHƏR/RAYONLARIN RENKİNQİ – SİYAHI, MƏBLƏĞLƏR (2024)
- Azərbaycanda banklara ən az və ən çox əmanət yerləşdirən - RAYONLAR VƏ ŞƏHƏRLƏR - SİYAHI (2024)
- Xarici valyutada banklarda ən çox pulu olan - 5 RAYON - SİYAHI
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2024-cü ilin sonuna ölkə üzrə əhalinin banklardakı əmanətlərinin ümumi məbləği 14 milyard 662 milyon manat olub.
Bunun 12 milyard 954 milyon manatı və ya bütün əmanətlərin 88%-i Bakı şəhərinin payına düşüb.
Ölkə əhalisinin sayını nəzərə aldıqda, ölkədə 1 nəfərə düşən orta əmanət məbləği 1 435 manat təşkil edib.
Ənənəvi olaraq Bakı şəhərində adambaşına düşən orta əmanət məbləği ölkə üzrə orta göstəricidən bir neçə dəfə artıqdır. Paytaxtda bir nəfərə düşən orta əmanət məbləği 5 513 manatdır.
Adambaşına düşən əmanətin məbləğinə görə, sonrakı yeri Sumqayıt (783 manat), Gəncə (635 manat), Naxçıvan (551 manat) və Mingəçevir şəhəri (474 manat) tutur.
FED.az-ın tərtib etdiyi cədvələ əsasən, ölkə üzrə adambaşına düşən orta əmanət məbləği üzrə ən aşağı göstərici Laçın (2 manat) və Zəngilanda (7 manat) qeydə alınıb.
Bununla yanaşı, Bakı və Abşeron rayonunu və ənənəvi olaraq ölkənin iqtisadi mərkəzləri sayılan şəhərləri nəzərə almayanda banklarda adambaşına düşən orta əmanət məbləğinə görə, Xaçmaz (409 manat), Qazax (336 manat), Şirvan (310 manat), Zaqatala (286 manat) və Lənkəran (283 manat) liderlik edir.
İşğaldan azad edilmiş rayonları nəzərə almayanda isə adambaşına ən aşağı orta əmanət məbləği Kürdəmir (12 manat), Yardımlı (23 manat), Lerik (26 manat), Sədərək (31 manat) və Qobustandadır (32 manat).