Azərbaycanın ən iri banklarından olan "Kapital Bank" dolların alış və satış kursunu bahalaşdırıb. FED.az xəbər verir ki, bu gün bank dolları 1.6990 manata alır, 1.7030 manata satır.
Yanvarın 5-də isə "Kapital Bank"da dolların alışı 1.6980 manat təşkil edib. Həmin gün dolların satışı da bu günə nisbətən ucuz olub - 1.7015 manat.
Bankın "Gənclik" filialında isə məzənnə daha yüksəkdir. Burada bank dolları 1.7200 manata satır. Dolların alışı isə digər filiallardan daha aşağıdır: 1.6860 manat.
Qeyd edək ki, bankın valyuta satışını bahalaşdırması əsasən 3 səbəblə bağlı ola bilər. Onlardan biri valyuta hərracında dolları daha baha qiymətə almasıdır. Xatırladaq ki, son hərraclarda banklar dolları hətta 1.7004 manat məzənnəsi ilə alıblar.
Bankda valyuta satışının bahalaşmasının əsas səbəblərindən biri ilin əvvəlində ölkədə dollara tələbatın artması ilə bağlıdır. Belə ki, artıq iş adamları xaricdən idxal etdikləri məhsullara görə ödənişləri həyata keçirməlidirlər. Ona görə də xarici valyutaya tələbat ötən ilin sonuna nisbətən artıb.
"Kapital Bank"da dolların satış məzənnəsinin bahalaşmasının bir səbəbi də alış kursunun artmasıdır. Təbii ki, bank baha aldığı dolları yüksək qiymətə də satmalıdır. Nəzərə alsaq ki, hazırda bankların əsas gəlir mənbələrindən biri valyuta satışıdır. Ona görə də qiymətləri tələb və təklif formalaşdırır.
Azərbaycanın ən iri bankı dolları bahalaşdırdı
14:16
8 Yan 2018