Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı - ABB Bank xarici əlaqələrini genişləndirməkdədir.
FED.az xəbər verir ki, ötən həftə bankın idarə heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda 2 günlük işgüzar səfərdə olub.
Bu barədə ABB sədrinin özü məlumat verib: «Ötən həftə həmkarlarımla birlikdə Özbəkistanda ikigünlük işgüzar səfərdə olduq»-deyə bank rəhbəri bildirib.
Səfər zamanı ABB sədrinin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanın baş nazirinin müavini Camşid Xocayevlə, investisiya, sənaye və investisiya naziri Laziz Kudratovla, Özbəkistan Mərkəzi Bankının sədr müavinləri Bexzod Xamrayev və Abror Mirzo Alimovla görüşlər keçirib.
ABB rəhbərliyinin səfəri zamanı yüksək səviyyəli müzakirələrdən əlavə, Özbəkistanın maliyyə sçistemindən olan həmkarlarla maraqlı görüşlər keçirilib. Bunların arasında ölkənin aparıcı bankları, fintex şirkətləri və sektorun digər aparıcı oyunçuları var.
Abbas İbrahimov bildirib ki, bu diskussiyalarda həm əməkdaşlıq imkanları, həm də iki ölkə arasındakı maliyyə əlaqələrinin inkişafında ABB Bankın oynayacağı mümkün rolu müzakirə edilib.
ABB sədri qonaqpərvərliyə görə Özbəkistandakı tərəfdaşlara, eləcə də səfərin təşkilşatçılığına dəstəyə görə Azərbaycanın İqtisadiyyat Nazirliyinə xüsusi təşəkkür edib.