30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 mlrd. 991 mln. manat, kredit portfeli 11 mlrd. 712 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 087 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 904 mln. manat, əhalinin əmanətləri isə 8 mlrd. 19 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0,2% (70 mln. manat), balans kapitalı isə 5,2% (195 mln. manat) artıb.
Bu ilin ilk yarımilliyində kredit portfeli 3,3% və ya 375 mln. manat (iyun ayı üzrə 1,4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6,3% və ya 477 mln. manat (iyun ayı üzrə 2,9%, 227 mln. manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9,7% və ya 505 mln. manat (iyun ayı üzrə 2,7%, 148 mln. manat) artıb.
Bank sektoru cari ilin ilk yarımilliyində 309 mln. manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 mln. manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 mln. manat xalis mənfəət əldə edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.