Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 218,9 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 3% azdır.
Bank sektoru ötən ilin may ayından bəri ilk dəfə kiçilmə nümayiş etdirir. Bununla yanaşı, sektorun aktivləri ötən il aprelin 1-i ilə müqayisədə 8% çoxdur.
Bankların aktivlərinin 13 759,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,6%-dən 42,7%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6% artaraq 27 477,9 milyon manata, o cümlədən depozit portfeli 10,9% artaraq 20 586,6 milyon manata çatıb. Bunun 8 185,7 milyon manatı fiziki, 12 427,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 1,1% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 20,4% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 5,9% artaraq 350,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,9% artaraq 4 741 milyon manat təşkil edib.
Report