Azərbaycan Mərkəzi Bankı Pul-kredit göstəriciləri ilə bağlı yeni rəqəmləri açıqlayıb.
Bank sektoru
FED.az Mərkəzi Bankın Statistik bülleteinin İyun buraxılışına istinadən xəbər verir ki, 30 iyun 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı 3,086 olmuşdur. Bank işçilərinin sayında artım trendi cari ilin iyun ayında da davam etmişdir.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 35 nəfər artaraq 24,223 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 328.1 milyon manat, cəmi öhdəlikləri 44 milyard 86.3 milyon manat, balans kapitalı 6 milyard 241.8 milyon manat olmuşdur. İyun ayında bank sektorunun cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 2.4% və 3% artmış, balans kapitalı isə 1.4% azalmışdır. Balans kapitalının azalması dividend ödənişləri ilə bağlı olmuşdur.
İyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 milyon manat artaraq 25 milyard 429.5 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.6% (13 milyard 874.8 milyon manat); ıı) istehlak kreditləri – 30% (7 milyard 633.8 milyon manat) və ııı) ipoteka kreditləri – 15.4% (3 milyard 920.8 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.8%-i və ya 35 milyard 185 milyon manat. Depozit portfelinin 60.6%-i (21 milyard 304.8 milyon manat) hüquqi şəxslərin, 39.4%-i (13 milyard 880.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 milyon manat artmışdır. Artımın 86.5%-i (415.8 milyon manat) milli valyutada, 13.5%-i (65 milyon manat) xarici valyutada əmanətlər üzrə olmuşdur.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 milyard 100.4 milyon manat) milli valyutada, 34.4%-i (4 milyard 779.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7 milyard 750.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 252.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.
2024-cü ilin yanvar – iyun ayında banklar tərəfindən 614 milyon manat xalis mənfəət, 875.5 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 11.9% artaraq 35 milyard 127.5 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 23.9 mln. manat azalaraq 2 milyard 574.2 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 21.5%, kredit kartları üzrə 12.6% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artmışdır. 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 103 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 122 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 972 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.5%, POS-terminalların sayı 19.5% artmışdır.