Dünya Bankı ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatının artımını 3 əsas amil ilə şərtləndirir: fiskal stimullaşdırma tədbirləri, neftin yüksək qiyməti və qaz hasilatının artımı.
DB-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,8%, 2019-cu ildə - 3,8%, 2020-ci ildə - 3,2% təşkil edəcək.
FED.az xəbər verir ki, bu proqnozlar bankın saytında dərc olunan “Global Economic Prospects: The Turning of the Tide?” hesabatında gətirilir.
DB-nin qiymətləndirmələrinə görə, 2017-ci ildə neft hasilatının azalması qeyri-neft sektorunun daha yüksək inkişaf templəri və fiskal stimullaşdırma tədbirləri ilə kompensasiya olunub.
“Gələcək illərdə Azərbaycanın iqtisadi artımı neftin yüksək qiyməti və qaz hasilatının artımı ilə dəstəklənən fiskal stimullaşdırma tədbirləri ilə əlaqədar olacaq”, - hesabatda qeyd edilir.
Eyni zamanda DB Azərbaycan iqtisadiyyatının bir qədər həssas olduğunu vurğulayır. Xüsusilə, bank Rusiya, Xorvatiya və Ukrayna ilə bərabər Azərbaycanı struktur islahatların azaldığı ölkələr sırasına aid edir.
“Bundan əlavə, uğurlu islahatlara baxmayaraq, Azərbaycanın bank sektoru xarici şoklara həssas olaraq qalır”, - hesabatda deyilir.
DB vurğulayır ki, Azərbaycan monetar siyasətini bir qədər zəiflədən və inflyasiyanın orta səviyyədə olduğun ölkələr sırasına daxildir.
Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan istehlakın tədricən bərpa olunduğu dövlətlər qrupuna daxildir. Bu, əmək haqqlarının artımı, əmək bazarında vəziyyətin yaxşılaşması və inflyasiyanın azalması fonunda alıcı qabiliyyətinin artımı ilə əlaqədardır.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, 2019-cu ildə - 4% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycan ÜDM-in 0,1% artıb (nominal həcm $40,7 mlrd. təşkil edib).
© İnterfaks-Azərbaycan