FED.az xəbər verir ki, Mərkəzi Bank pul-kredit göstəriciləri ilə bağlı yeni məlumatlar açıqlayıb.
Azərbaycanda problemli kreditlərin məbləği 8% azalıb
Bank sektoru
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 99 nəfər artaraq 24,322 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49,089.3 mln. manat, cəmi öhdəlikləri 42,874.3 mln. manat, balans kapitalı 6,215 mln. manat olmuşdur.
Kredit portfelinin artımı cari ilin iyul ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1% və ya 265.2 mln. manat artaraq 25,694.7 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.2% (13,910.1 mln. manat); ıı) istehlak kreditləri – 30.2% (7,765.1 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (4,019.5 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.2%-i və ya 34,381.3 mln. manat. Depozit portfelinin 60.3%-i (20,720.3 mln. manat) hüquqi şəxslərin, 39.7%-i (13,661 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (8,981.7 mln. manat) milli valyutada, 34.3%-i (4,679.3 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8,067.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 mln. manat artaraq ilk dəfə 8 mlrd. manatlıq həddi keçmişdir. Hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması iyul ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2.7 faiz bəndi azalaraq 33.7% təşkil etmişdir.
2024-cü ilin yanvar – iyul aylarında banklar tərəfindən 682.8 mln. manat xalis mənfəət, 1,016 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4.2% və 9.1% daha çox). Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 153.4 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.2% artaraq 35,452.6 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 78.8 mln. manat azalaraq 2,519.3 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,280 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,102 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,168 mln. manatı POSterminallar, 9.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artmışdır.