Azərbaycanda müxtəlif vaxtlarda bir sıra bankların (“Atrabank”, “Kredobank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Zaminbank”, “Royal Bank” və “Gəncəbank” ASC-lərin, “Bank Standard” QSC-nin) lisenziyaları geri alınıb, həmin banklar barəsində 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi və Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən müflis qərarları qəbul olunub.
Bu barədə adıçəkilən bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, hazırda ləğv prosesində olan bankların müflis elan edilməsi və iflas proseduru ilə əlaqədar ləğv prosesi davam etdirilir. İflas proseduru çərçivəsində “Banklar haqqında” qanunun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların müfəssəl ləğv planları hazırlanıb və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim olunub.
Müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.