Xəbər verildiyi kimi oktyabrın 10-13-ü tarixində Amsterdamda SİBOS Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Eləcə də bax: "AccessBank" - SIBOS 2022 Beynəlxalq Bankçılıq Forumunda
Azərbaycanın əksər aparıcı banklarının da qatıldığı forumun əsasmövzusu “Dəyişən dünya üçün mütərəqqi maliyyə” adlanır.
Xatırladaq ki, SİBOS (Swift International Banking Operations Seminar) — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfransdır.
Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılıb, ilk konfrans Brüsseldə keçirilib. Bank əməliyyatları seminarı kimi başlayan tədbir, qlobal maliyyə sektorları üçün ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi sahələrində müzakirələr və əməkdaşlıq etmək üçün əsas biznes foruma çevrilib.
İndiyədək bu konfranslar Avropanın Amsterdam, Kopenhagen, Berlin və Helsinki şəhərlərində, Şimali Amerikanın Boston və Toronto şəhərlərində, eləcə də Avstraliyanın Sidney şəhərində keçirilib.
Son illər bu tədbirlər Asiya və Okeaniyada, Çin, Yaponiya, Sinqapur, BƏƏ, Avstraliya kimi və digər ölkələrdə daha müntəzəm keçirilir.
Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar.
Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərini bir yer toplayan platformadır.
SİBOS dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Konfransda il ərzində orta hesabla maliyyə xidmətləri sənayesini təmsil edən dünyanın hər yerindən 7000-dən çox təmsilçi iştirak edir. Ən yüksək fəallıq 2019-cu ildə Londonda 11500 iştirkaçının olduğu konfransda olub.
2020 və 2021-ci illərdə Koronavirus pandemiyası səbəbindən Boston və Sinqapurda keçirilməsi nəzərdə tutulmuş konfranslar ləğv edilib.
Bu il isə SIBOS demək olar ki, 10 000 iştirakçını bir araya gətirib. Konfransın gündəliyi “Dəyişən dünya üçün mütərəqqi maliyyə” mövzusunu əhatə edir.
250-dən çox məruzəçi müxtəlif mövzularda debat aparacaqlar. Bura həm də, rəqəmsal mənzərədən istifadə, qeyri-müəyyən vaxtlarda uğur qazanma, davamlılğın və etikanın gözlənilməsi kimi mövzular da daxildir.
Konfransın spikerləri sırasında Keti Bessant, Anne Boden, Suzan Foley, Deyvid Qall, Maniş Kohli, Aleksandr Maymat, Ali Niknam və digərlərinin adını çəkmək olar.
Qeyd edildiyi kimi, konfransda Azərbaycanın aparıcı banklarının – Azərbaycan Beynəlxalq Bankı (ABB), «Accessbank», «Yelo Bank», «Rabitabank», «Kapital Bank», «Azər Türk Bank» və digər qurumların nümayəndələri təmsil olunur.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS qlobal pandemiyadan sonra ilk dəfədir ki, canlı ünsiyyət şəklində keçirilir.