Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) ölkənin rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarını təsdiqləyib.
Qərara əsasən, rezident və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1 000 dollar, ay ərzində isə 10 000 dollar ekvivalentinədək məbləğdə köçürə bilər.
Bank hesabı açılmadan Azərbaycan daxilində və respublikadan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.
Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.
Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici valyuta vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bank hesabına köçürülür.
Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.
Sənəd AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən imzalanıb və 2016-cı ilin dekabrın 8-dən etibarən qüvvəyə minir.
Qərar ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə hazırlanıb.