Azərbaycanda fəaliyyət göstərən yeganə İran bankı – İran Milli Bankının Bakı Filialı 2022-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, İran bankı 2022-ci ili təqribən 1,9 milyon manat xalis mənfəətlə tamamlaya bilib. Xatırladaq ki, bank 2021-ci ili 1,96 milyon manat xalis zərərlə bağlamışdı.
İran Milli Bankının Bakı Filialının açıqladığı hesabata əsasən 2022-ci ildə Bankın faiz gəlirləri 3 milyon 476 min manat, faiz xərcləri 231 min manat təşkil edib.
2021-ci ilin nəticələrinə görə, faiz gəlirləri 34 min manat artıb, faiz xərcləri isə 70 min manat azalıb. Nəticədə bankın xalis faiz gəliri 3 milyon 245 min manat olub.
2022-ci ilin sonuna İran bankının aktivlər üzrə mümkün zərərlərə görə ehtiyat ayırmaları 866 min manat olub. Bu - 2021-ci ilin yekunundakı rəqəmdən (3 milyon 733 min manat idi) 4 dəfə azdır. Qeyd edək ki, məhz zərərlər üzrə ehtiyat ayırmalarının kəskin artması İran bankının 2021-ci ili zərərlə başa vurmasına səbəb olmuşdu.
2022-ci ildə İran bankı xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən 127 min manat itirib, halbuki, 2021-də bu göstərici 82 min manat olmuşdu.
Ötən il bankın xarici valyuta əməliyyatlarından gəliri 185 min manat olub. 2021-ci ildə isə bu 454 min manat idi – 2,5 dəfə azalma baş verib.
2022-ci ildə İran bankının inzibati xərcləri əvvəlki illə müqayisədə təqribən 10% artaraq ilk dəfə olaraq 2,1 milyon manatı keçib.
Nəticədə 2022-ci ilin sonunda bankın vergidən əvvəlki mənfəəti 2 milyon 95 min manata yüksəlib. 228 min manat mənfəət vergisi xərcini nəzərə aldıqdan sonra bank 2022-ci ilin 4-cü rübünü 1 milyon 867 min manat xalis mənfəətlə tamamlayıb.
Başqa sözlə, faiz gəlirlərinin artımı və ehtiyat ayırmalarının azalması İran bankını 2021-ci ildəki xalis zərərdən 2022-ci ildə xalis mənfəətə çıxarıb.
Bankın açıqladığı balans hesabatına əsasən, 2022-ci ilin sonunda İran bankının aktivləri bir il əvvəllə müqayisədə 10 milyon manat artaraq 96 milyon manatı keçib.
Bu artımın 4 milyon manatı nağd vəsaitlərinin yüksəlməsinin, 6 milyon manat isə qiymətli kağızlara yatırımların payına düşüb 0 17 milyon manatdan 23 milyon manata yüksəlib. Əvəzində müştərilərə verilən kreditlər 400 min manat azalıb.
İlin sonuna İran Bankının öhdəlikləri təqribən 8 milyon manat artaraq 51,4 milyon manatdan 59,3 milyon manata yüksəlib. Artımın səbəbi maliyyə instatutlarından alınan borcdur – 23 milyon manatdan 33 milyon manata yüksəlib. Bankın müştəri hesablarındakı pullar isə azalıb – ötənilki 10,7 milyon manatdan 8,9 milyon manata enib. Başqa sözlə, müştərilər bankdan 1,8 milyon manatdan artıq vəsaiti geri çəkiblər.
Ötən il İran bankı cəmi kapital problemini də bir qədər yüngülləşdirə bilib – 2022-ci ilin sonunda bankın cəmi kapitalı 37,3 milyon manat olub, halbuki 1 il əvvəl bu göstərici 35,4 milyon manat idi.