Azərbaycan Respublikasının Mərkəzi Bankı cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir.
FED.az xəbər verir ki, üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.
Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılmışdır. Həmçinin, Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşıdır.
Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilir.
Mərkəzi Bank tərəfindən növbəti illərdə də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda yeni dövlət lotereyası başlayır - İLK DƏFƏ
17:32
30 Yan 2019