Azərbaycanda QR kod vasitəsilə ödənişlərə başlanılır.
FED.az xəbər verir ki, Mərkəzi Bank «Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair» qaydaları təsdiqləyib.
Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan bu qaydalar
Azərbaycan ərazisində ödənişlərin aparılması, vəsaitlərin köçürülməsi və nağdlaşdırılması zamanı ödəniş xidməti təchizatçıları tərəfindən təqdim olunan QR kodun tərtib edilməsinə dair minimum tələbləri müəyyən edir.
Qeyd edək ki, QR kod – müvafiq proqram təminatı, o cümlədən elektron cihazlar (mobil telefon, optik oxuyucu və s.) vasitəsilə oxunması nəzərdə tutulan, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 18004 nömrəli standartına uyğun olaraq tərtib edilən kvadratlar matrisindən ibarət məlumat daşıyıcı ştrix-koddur.
Mərkəzi Bankın qərarına görə, Azərbaycanda QR kodla ödənişlərin aparılması üçün AZQR kod-dan istifadə olunacaq.
AZQR kod-u Azərbaycan fəaliyyət göstərən ödəniş xidməti təchizatçıları təqdim edəcəklər. AZQR kod üzrə tələblər ödəniş kartı, konsolidə olunmuş hesaba bağlı olan ödəniş alətləri və ödəniş sənədi ilə həyata keçirilən əməliyyatlara şamil edilir.
AZQR kod üzrə ödəniş əməliyyatlarının icrasından sonra AZQR kod təchizatçısı AZQR kod təqdim edən subyekti əməliyyatın nəticələri barədə məlumatlandırır və/və ya həmin məlumatların asan əldə olunmasını təmin edir.