Maliyyə Bazarlarına Nəzarət Palatası «Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi» Qaydalarını təsdiqləyib.
FED.az xəbər verir ki, bu qaydalar ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin köçürüləcəyi alıcı bankın seçilməsi, həmçinin ödəmə qabiliyyətini itirmiş bankın və körpü bankın satışı üçün hərracın keçirilməsi qaydalarını, habelə investora və alıcı banka dair tələbləri müəyyən edir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda problemi banklarların "qənimi" gəlir - QƏRAR VERİLDİ
Qaydalara əsasən, banka ödəmə qabiliyyətini itirmiş banka təyin edilən müvəqqəti inzibatçı 30 gün ərzində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini əks etdirən tədbirlər planını hazırlayıb Palataya təqdim etməlidir. Palatada bu plan 5 gün ərzində baxılaraq qərar qəbul edilir.
Əgər tədbirlər planında bankın lisenziyasının ləğvi nəzərdə tutulursa, bu plan Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiqlənməlidir.
Əgər lisenziyanın ləğvi nəzərdə tutulmursa, onda bank hərracda satılır.
Qaydalara görə, hərracda iştirak edəcək alıcı bank sağlam bank olmalı, yəni onun göstəriciləri bank sektoruna qoyulan tələblərə və Palatanın qaydalarına uyğun olmalıdır.
Hərracda iştirak edəcək investor isə vətəndaş qüsursuzluğuna malik şəxs olmalıdır (hüquqi şəxs olduqda, mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və idarəetmə orqanlarının rəhbərləri). investorun maliyyə vəziyyəti alınacaq bankın Palatanın tələbinə uyğun kapitallaşdırılması üçün yetərli olmalıdır.
Qaydalara görə, Palatanın işçiləri, Əmanətlərin Sığortalanması Fondunun işçiləri, bankın ləğv edilməsi prosesində iştirak edən mütəxəssislər, eləcə də bu şəxslərin qohumları hərraca qatıla bilməzlər.
ELƏCƏ DƏ BAX: Azərbaycan banklarının cəmi kapitalının həcminə görə - RENKİNQİ (01.11.2018)
Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 57-6.1-ci, 57-6.3-cü, 57-7.2-ci, 57-7.4-cü və 57-8.4-cü maddələrinə uyğun olaraq hazırlanmış və rezolyusiya tədbirləri çərçivəsində ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin köçürüləcəyi alıcı bankın seçilməsi, həmçinin ödəmə qabiliyyətini itirmiş bankın və körpü bankın satışı üçün hərracın keçirilməsi qaydalarını, habelə investora və alıcı banka dair tələbləri müəyyən edir.
2. Anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Məlumat Mərkəzi – ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın nəzdində yerləşən və ödəmə qabiliyyətini itirmiş banka və ya körpü banka dair bu Qaydalara 1 saylı əlavədə müəyyən edilən məlumatların saxlanıldığı mərkəz;
2.1.2. Hərrac Komitəsi – bu Qaydalarla müəyyən olunmuş hərracın təşkili və keçirilməsini təmin edən komitə.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlarQanunda verilən mənaları ifadə edir.
3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirin müəyyən edilməsi
3.1. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş banka təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 (otuz) təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayır və qiymətləndirmə hesabatı ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) təqdim edir. Müvəqqəti inzibatçı rezolyusiya metodunu Palata tərəfindən təsdiq edilmiş “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları” əsasında seçir.
3.2. Palatanın bank rezolyusiyası funksiyasını həyata keçirən aidiyyəti struktur bölməsi tədbirlər planının təqdim edilməsindən sonrakı 5 (beş) təqvim günü ərzində tədbirlər planını öz rəyi ilə birlikdə Palatanın İdarə Heyətinə təqdim edir. İdarə Heyəti tədbirlər planı ilə razı olmadıqda, tədbirlər planını düzəliş edilməsi və ya dəyişdirilməsi üçün Palatanın bank rezolyusiyası funksiyasını həyata keçirən aidiyyəti struktur bölməsinə qaytarır. İdarə Heyəti tədbirlər planı ilə razı olduqda, Qanunun 57-5.1-ci maddəsində göstərilən müddət ərzində tədbirlər planının təsdiq edilməsi ilə bağlı qərar qəbul edir.
3.3. Tədbirlər planında seçilmiş rezolyusiya metodu bankın lisenziyasının ləğvinə səbəb olduqda tədbirlər planı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiqlənməlidir.
3.4. Tədbirlər planının təsdiq edilməsinə dair qərar qəbul edildikdə və tədbirlər planında ödəmə qabiliyyətini itirmiş bankın ləğvi istisna olmaqla digər rezolyusiya metodu əks olunduqda, qərarın icra edilməsi üçün Hərrac Komitəsi hərracın keçirilməsi prosesinə başlayır.
3.5. Qiymətləndirmə hesabatının tərtib edilmə tarixindən hərracın keçirilməsi tarixinədək olan müddət 3 (üç) aydan artıq olarsa, qiymətləndirmə yenidən həyata keçirilir.
4. Alıcı bank və investora dair tələblər
4.1. Hərracda iştirak edəcək alıcı bank sağlam bank olmalıdır.
4.2. Sağlam bank aşağıdakı tələblərə cavab verməlidir:
4.2.1. bankın idarəetmə sistemi Palatanın müəyyən etdiyi korporativ idarəetmə və risklərin idarə olunması üzrə tələblərə uyğun olmalıdır;
4.2.2. bankın məcmu kapitalının minimum miqdarı və onun adekvatlıq əmsalı Palatanın normativ xarakterli aktlarının tələblərinə uyğun olmalıdır;
4.2.3. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini əldə etdikdən sonra, məcmu kapitalın minimum miqdarı və onun adekvatlıq əmsalı Palatanın normativ xarakterli aktlarının tələblərinə uyğun olmalıdır;
4.2.4. əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyəti olmalıdır;
4.2.5. xarici bank olduqda, qeydiyyata alındığı ölkənin bank nəzarəti orqanının müəyyən etdiyi prudensial normativlərə cavab verməsi, habelə ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini əldə etdikdən sonra məcmu kapitalın minimum miqdarının və onun adekvatlıq əmsalının qeydiyyata alındığı ölkənin bank nəzarəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğu barədə həmin ölkənin bank nəzarəti orqanının rəyi olmalıdır.
4.3. Hərracda iştirak edəcək investor aşağıdakı tələblərə cavab verməlidir:
4.3.1. vətəndaş qüsursuzluğuna malik şəxs olmalıdır (hüquqi şəxs olduqda, mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və idarəetmə orqanlarının rəhbərləri);
4.3.2. investorun maliyyə vəziyyəti alınacaq bankın Palatanın tələbinə uyğun kapitallaşdırılması üçün yetərli olmalıdır.
4.4. Aşağıdakı şəxslər hərracda investor qismində iştirak edə bilməzlər:
4.4.1. Palatanın işçiləri;
4.4.2. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun işçiləri;
4.4.3. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası prosesinə mülki-hüquqi müqavilə əsasında cəlb edilmiş kənar mütəxəssislər (kənar auditorlar və ekspertlər);
4.4.4. ödəmə qabiliyyətini itirmiş bankın səhmdarları və inzibatçıları;
4.4.5. hərracın keçirilmə tarixindən əvvəlki 1 (bir) il ərzində bu Qaydaların 4.4.1-4.4.4-cü yarımbəndlərində göstərilən statusa malik şəxslər;
4.4.6. bu Qaydaların 4.4.1-4.4.5-ci yarımbəndlərində göstərilən şəxslərə yaxın qohumluq münasibətlərində olan şəxslər (əri (arvadı), valideyni, o cümlədən ərinin (arvadının) valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən (götürən), qardaşı və bacısı);
4.4.7. bu Qaydaların 4.4-cü bəndində göstərilən şəxslərin ayrılıqda və ya birgə mühüm iştirak payı olan hüquqi şəxslər.
5. Hərracın elan edilməsi və hərrac iştirakçılarının seçilməsi
5.1. Palatanın İdarə Heyəti tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə qərar qəbul edildikdən sonrakı 3 (üç) iş günü ərzində hərrac barədə elan Palatanın rəsmi internet səhifəsində, habelə Hərrac Komitəsinin müəyyən etdiyi yerli və beynəlxalq informasiya vasitələrində dərc olunur. Elanda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
5.1.1. hərracın keçirilmə vaxtı və yeri;
5.1.2. hərracın predmeti və keçirilmə qaydası;
5.1.3. hərracda iştirakın rəsmiləşdirilməsi və hərracın qalibinin müəyyənləşdirilməsi qaydası;
5.1.4. rezolyusiya metodu;
5.1.5. ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın aktiv və öhdəliklərinin strukturuna dair ümumi məlumat;
5.1.6. bu Qaydaların 5.2-ci bəndində müəyyən edilən sənədlərin siyahısı;
5.1.7. Hərrac Komitəsinin hərrac üzrə əlaqələndirici şəxsinin adı (soyadı, adı, ata adı), vəzifəsi, elektron poçt ünvanı, telefon nömrəsi, faks nömrəsi;
5.1.8. körpü bankın başlanğıc satış qiyməti;
5.1.9. təminat məktubunun məbləği və şərtləri;
5.1.10. açıqlanması qadağan edilməyən digər məlumatlar.
5.2. Hərracın elan olunmasından sonrakı 20 (iyirmi) iş günü ərzində alıcı bank və (və ya) investor hərracda iştirak üçün aşağıdakı sənədləri Hərrac Komitəsinə təqdim edir:
5.2.1. iştirak üçün müraciət edən alıcı bank olduqda bankın bu Qaydaların 4.2.1-4.2.4-cü yarımbəndlərində göstərilən tələblərə cavab verməsini müəyyən etmək məqsədilə ən son ay üzrə prudensial hesabat;
5.2.2. iştirak üçün müraciət edən xarici bank olduqda, bu Qaydaların 4.2.5-ci yarımbəndində göstərilən tələbə cavab verməsini təsdiq edən qeydiyyata alındığı ölkənin bank nəzarəti orqanının məktubu;
5.2.3. iştirak üçün müraciət edən investor olduqda:
5.2.3.1. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fərdi sahibkar olduqda, əhalinin dövlət reyestrindən çıxarış;
5.2.3.2. onun son 3 (üç) il üzrə kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları (fərdi sahibkar olduqda, son 3 (üç) ildə əldə etdiyi gəlirlər barədə vergi orqanı tərəfindən təsdiq edilmiş məlumat);
5.2.3.3. bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən tələblərə cavab verməsini təsdiqləyən imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (fiziki şəxs və ya hüquqi şəxsin mühüm iştirak paylarının sahibi olan fiziki şəxs və ya idarəetmə orqanlarının rəhbərləri əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil ilə təsdiq edilmiş arayış);
5.2.3.4. vergilər və məcburi dövlət sosial sığortası üzrə borcun olmamasını təsdiq edən sənədlər.
5.2.4. alıcı bankın və ya investorun hərracda iştirak edəcək məsul şəxsinin adı (soyadı, adı, ata adı), vəzifəsi, elektron poçt ünvanı, telefon nömrəsi.
5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdən sonra təqdim edilən sənədlərə Hərrac Komitəsi tərəfindən baxılmır.
5.4. Bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər Azərbaycan dilində olmalı, xarici dillərdə hazırlanmış sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında qaydada təsdiqlənməlidir.
5.5. Bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər ərizə ilə birlikdə Hərrac Komitəsinə təqdim olunmalıdır. Sənədlər hüquqi şəxs tərəfindən təqdim edildikdə, ərizə hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən imzalanmalı və hüquqi şəxsin möhürü ilə təsdiqlənməli, fiziki şəxs tərəfindən təqdim edildikdə isə ərizə fiziki şəxs və ya onu qanuni təmsil edən şəxs tərəfindən imzalanmalıdır.
5.6. Bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən təqdim edildikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya apostil ilə təsdiq edilməlidir.
5.7. Sənədlərin qəbulunun dayandırıldığı tarixdən sonrakı 3 (üç) iş günü ərzində Hərrac Komitəsi alıcı bankın və ya investorun hərracda iştirakı üzrə müraciətini qiymətləndirir və bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun şəxslərin hərracda iştirakını təsdiqləyir.
5.8. Hərrac Komitəsi 5 (beş) nəfərdən az olmamaqla tək sayda Palatanın İdarə Heyəti tərəfindən Palatanın əməkdaşları və digər şəxslər sırasından müəyyən edilən üzvlərdən ibarətdir. Hərrac Komitəsi üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir. Hərrac Komitəsində qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda Hərrac Komitəsinin sədrinin səsi həll edici hesab edilir.
5.9. Hərrac Komitəsi hərracda iştirak hüququnu təsdiq etdiyi tarixdən sonrakı 1 (bir) iş günü ərzində hərracda iştirak etmək üçün müraciət etmiş bütün iştirakçılara bu barədə elektron və poçt bildirişi ilə məlumat verir.
5.10. Aşağıdakı hallarda hərracda iştirak hüququ əldə etmiş iştirakçının iştirak hüququ Hərrac Komitəsi tərəfindən ləğv edilir:
5.10.1. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar sonradan aşkarlandıqda;
5.10.2. bu Qaydalarla müəyyən edilmiş Məlumat Mərkəzindən istifadə qaydalarını pozduqda;
5.10.3. iştirakçı hərracda iştirak etməkdən imtina etdiyini yazılı şəkildə bəyan etdikdə.
6. Hərrac iştirakçıları tərəfindən məlumatların təhlili
6.1. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə qərar qəbul edildikdən sonrakı 30 (otuz) təqvim günü ərzində müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş banka dair məlumatları və sənədləri elektron formada və kağız daşıyıcısında Məlumat Mərkəzinə ötürür.
6.2. Hərrac iştirakçıları ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın təhlili məqsədilə bankla bağlı məlumatlarla və sənədlərlə Məlumat Mərkəzində tanış ola bilər və biznes kreditlərinin və onların təminatı qismində çıxış edən əmlakın, bank işində istifadə olunan əsas vəsaitlərinin və bank işində istifadə olunmayan daşınmaz əmlakının vəziyyəti ilə yerində tanış ola bilər. Bu zaman bütün hərrac iştirakçılarına eyni imkanlar yaradılır.
6.3. Hərrac iştirakçılarına onların iştirakının təsdiqləndiyi tarixdən hərrac nəticələrinin açıqlanacağı tarixə qədər Məlumat Mərkəzində toplanan sənədlər və məlumatlarla tanış olma imkanı təmin edilir.
6.4. Bu Qaydaların 6.2-ci bəndində göstərilənlərə baxış aparılmasına icazə verilməmişdən əvvəl hərrac iştirakçısı ilə müvəqqəti inzibatçı arasında ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın məlumatlarının məxfi saxlanılmasına dair müqavilə bağlanır. Həmin müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:
6.4.1. müqavilənin tərəfləri, onların hüquq və vəzifələri;
6.4.2. məxfi saxlanılmalı olan məlumatların əhatə dairəsi;
6.4.3. mübahisə yarandığı hallarda tətbiq ediləcək qanunvericilik;
6.4.4. müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət.
6.5. Hərrac iştirakçısı tərəfindən ünvanlanmış müraciətə cavab müvəqqəti inzibatçı tərəfindən bütün hərrac iştirakçılarına göndərilir.
7. Məlumat Mərkəzindən istifadə qaydaları
7.1. Məlumat Mərkəzi müvəqqəti inzibatçı tərəfindən yaradılır və məlumatların yenilənməsi təmin edilir.
7.2. Müvəqqəti inzibatçı bu Qaydalara 1 saylı əlavədə qeyd olunan məlumatlarla yanaşı, həmin məlumatlarla əlaqədar sənədlərin əsli və ya surətinin (yazılı və ya elektron) Məlumat Mərkəzinə köçürülməsini təmin edir.
7.3. Müvəqqəti inzibatçı Məlumat Mərkəzinin təhlükəsizliyinə cavabdehdir.
7.4. Hərrac iştirakçısı müvəqqəti inzibatçının yazılı icazəsi olmadan sənədləri və ya onların nüsxəsini Məlumat Mərkəzindən kənara çıxara bilməz.
7.5. Hərrac iştirakçısı Məlumat Mərkəzində olduğu zaman müvəqqəti inzibatçının təyin etdiyi ən azı bir nümayəndə Məlumat Mərkəzində olmalıdır.
7.6. Aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslərin Məlumat Mərkəzinə girişi qadağandır:
7.6.1. müvəqqəti inzibatçı;
7.6.2. hərrac iştirakçısı və (və ya) onun qanuni nümayəndəsi;
7.6.3. girişinə müvəqqəti inzibatçı tərəfindən yazılı icazə verilmiş digər şəxslər.
7.7. Məlumat Mərkəzinə giriş saatı həftənin iş günləri saat 09:00-dan 18:00-dəkdir. Müvəqqəti inzibatçının Məlumat Mərkəzinə giriş saatlarını dəyişməyə səlahiyyəti vardır.
7.8. Məlumat Mərkəzində olan məlumatlar hərrac iştirakçısının hərracda verəcəyi təklifin formalaşması üçün ödəmə qabiliyyətini itirmiş bankın təhlilindən başqa digər məqsədlə istifadə edilə bilməz.
7.9. Məlumat Mərkəzindən hərrac iştirakçısının qanuni nümayəndəsi istifadə etdikdə şəxsiyyətini və təmsilçilik səlahiyyətini təsdiq edən sənədlər təqdim etməlidir.
7.10. Bu əşyaların Məlumat Mərkəzinə buraxılmasına icazə verilir: qələm, kağız, dəftər, kalkulyator, səs yazan qurğu, telefon və kompüter (noutbuk və tablet daxil olmaqla). Böyük çantaların və ya bənzəri əşyaların Məlumat Mərkəzinə buraxılmasına icazə verilmir.
7.11. Hərrac iştirakçısı şəxsi informasiya texnologiyaları avadanlıqları (USB məlumat daşıyıcısı, disk, printer, kompüter, telefon və digər elektronik qurğu) ilə Məlumat Mərkəzinin informasiya texnologiyaları avadanlıqlarına qoşula və Məlumat Mərkəzindəki məlumatları ötürə və surətini çıxara bilməz.
7.12. Hərrac iştirakçısı tərəfindən Məlumat Mərkəzində təqdim edilən məlumatların və sənədlərin üzərində qeyd aparılmasına, dəyişdirilməsinə, zədələnməsinə və ya məlumatların və sənədlərin məhv edilməsinə yol verilməməlidir.
7.13. Məlumat Mərkəzində mövcud olmayan əlavə məlumatı və (və ya) mövcud olan məlumatın əks olunduğu sənədin əslini əldə etmək zərurəti yarandıqda, hərrac iştirakçısı bu barədə müvəqqəti inzibatçıya yazılı şəkildə müraciət edə bilər.
8. Təkliflərin qəbulu və hərracın keçirilməsi
8.1. Hərrac iki mərhələdə keçirilir.
8.2. Birinci mərhələdə Hərrac Komitəsi tərəfindən hərracda iştirak hüququ təsdiqləndiyi tarixdən 30 (otuz) iş günündən çox olmamaqla, investorlar Hərrac Komitəsi tərəfindən müəyyən edilmiş tarixdə və saatda təkliflərini təminat məktubu (bank qarantiyası, akkreditiv, nağd pul vəsaiti, depozitlər və ya digər maliyyə aktivləri) ilə birlikdə Hərrac Komitəsinə təqdim edir. Təqdim edilmiş təkliflər Hərrac Komitəsi tərəfindən müəyyən olunmuş tarixdə və saatda açılır. Təkliflərin açılmasında hərrac iştirakçısı iştirak edə bilər.
8.3. Hərrac iştirakçısı tərəfindən bu Qaydaların 5.1.4-cü yarımbəndində müəyyən edilmiş rezolyusiya metodu üzrə qiymət təklifi verilir.
8.4. Hərrac iştirakçıları tərəfindən Hərrac Komitəsinə təklif təqdim edilmədiyi hallarda, Hərrac Komitəsi bir dəfədən çox olmamaq şərtilə 30 (otuz) təqvim günü ərzində yenidən hərracın keçirilməsini təşkil edir.
8.5. Hərrac prosesi zamanı fors-major (tərəflərin iradəsindən asılı olmayaraq baş verən) hal baş verdikdə Hərrac Komitəsi tərəfindən hərrac ləğv olunur və yenidən qiymətləndirmə aparılaraq mümkün qısa müddətdə yeni hərracın keçirilməsi barədə qərar qəbul olunur.
8.6. Hərrac iştirakçıları tərəfindən təqdim edilmiş təkliflər bu Qaydaların 8.2-ci bəndində müəyyən edilən müddət bitdikdən sonra Hərrac Komitəsi tərəfindən 2 (iki) iş günü ərzində qiymətləndirilir. Qiymətləndirmədə hərrac iştirakçıları tərəfindən təqdim edilmiş təkliflər üzrə xərc ödəmə qabiliyyətini itirmiş bankın ləğvetmə xərci ilə müqayisə edilir. Müqayisə Palata tərəfindən təsdiq edilmiş “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları” əsasında aparılır.
8.7. Təqdim edilmiş rezolyusiya tədbiri üzrə xərc ödəmə qabiliyyətini itirmiş bankın ləğvetmə xərcindən az olduqda, həmin təklif Hərrac Komitəsi tərəfindən hərracın ikinci mərhələsinə buraxılır.
8.8. Birinci mərhələdən yalnız bir hərrac iştirakçısı keçirsə, bu zaman o hərracın qalibi elan edilir.
8.9. İkinci mərhələdə birinci mərhələdən keçən iştirakçılar arasında yenidən hərrac təşkil edilir və Hərrac Komitəsinin qərarına əsasən ən yaxşı təklifin sahibi hərracın qalibi müəyyən edilir.
8.10. Hərracın hər iki mərhələsinin nəticələri üzrə ayrı-ayrı protokol tərtib olunur və protokol Hərrac Komitəsinin üzvləri tərəfindən imzalanır.
8.11. Hərracın qalibi müəyyən edildiyi tarixdən sonrakı 10 (on) iş günü ərzində hərracda qalib elan olunmuş iştirakçı ilə müvəqqəti inzibatçı arasında aktiv və öhdəliklərin köçürülməsinə və ya səhmlərin satın alınmasına dair müqavilə bağlanılır. Bu müddət müvəqqəti inzibatçının təqdimatı əsasında Palata tərəfindən əlavə 10 (on) iş günü uzadıla bilər. Körpü bankın satışı ilə bağlı hərrac keçirildikdə körpü bankın səhmlərinin satın alınmasına dair müqavilə Palata ilə hərracın qalibi arasında bağlanılır.
8.12. Aktiv və öhdəliklərin köçürülməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:
8.12.1. tərəflərin hüquq və vəzifələri;
8.12.2. ödəmə qabiliyyətini itirmiş bankdan alıcı banka köçürülən aktiv və öhdəlikləri barədə məlumat;
8.12.3. köçürülmə şərtləri və müddəti.
8.13. Səhmlərin satın alınmasına dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:
8.13.1. tərəflərin hüquq və vəzifələri;
8.13.2. ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi;
8.13.3. investorun ödəmə qabiliyyətini itirmiş bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi halda müqavilənin ləğv edilməsi şərtləri.
8.14. Hərracın ikinci mərhələsində qalib elan olunmuş iştirakçı aktiv və öhdəliklərin köçürülməsinə və ya səhmlərin satın alınmasına dair müqavilə imzalamaqdan imtina etdikdə, hərracın ikinci mərhələsində ən yüksək ikinci təklifi vermiş iştirakçı müvafiq olaraq hərracın qalibi elan olunur.
8.15. Hərracın qalibi müəyyən edildiyi tarixdən sonrakı 1 (bir) iş günü ərzində Hərrac Komitəsi tərəfindən hərrac iştirakçılarına hərracın nəticəsi barədə elektron və poçt bildirişi ilə məlumat verilir.
8.16. Hərrac Komitəsi hərrac üzrə təminat məbləğini ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın öhdəliklərinin 10 (on) faizindən çox olmamaqla müəyyən edir. Təminat məktubunun müddəti 3 (üç) aydan az olmamalıdır.
8.17. Hərracda qalib elan olunmuş iştirakçı ilə aktiv və öhdəliklərin köçürülməsinə və ya səhmlərin satın alınmasına dair müqavilə bağlandıqdan sonrakı 15 (on beş) təqvim günü ərzində uduzan iştirakçıların təminat məktubları qüvvəsini itirir.
8.18. Hərracın qalibi olmuş iştirakçı aktiv və öhdəliklərin köçürülməsinə və ya səhmlərin satın alınmasına dair müqaviləni imzalamaqdan imtina etdikdə, həmçinin ikinci mərhələni keçmiş hərrac iştirakçısı hərrac nəticələri açıqlanmadan hərracdan çəkildikdə Hərrac Komitəsi bu Qaydaların 8.16-cı bəndində müəyyən edilmiş müddət ərzində təminat məktubu ilə bağlı tələbləri tətbiq edə bilər.
ELƏCƏ DƏ BAX: Necə olub ki, Azərbaycanda kredit almaq asanlaşıb? – GÖSTƏRİCİLƏR