Ölkədə ödəniş kartlarının sayı 7,5 mln. ədədə, bankomatların sayı 2,6 min ədədə, POS-terminalların sayı 65,2 min ədədə çatıb.
FED.az Mərkəzi Bankın açıqladığı bəyanata istinadən xəbər verir ki, ödəniş kartlarının 18,1%-i təmassız kartlardır. Ötən illə müqayisədə bankomatların sayı 2,2%, təmassız POS-terminallar 35% artmışdır. Ödəniş kartları ilə bütün vasitələrlə aparılan nağdsız ödənişlərin həcmi 57%, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 93% artmışdır. Ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin xüsusi çəkisi son beş ildə 8%-dən hal-hazırda 20%-ə kimi yüksəlmişdir.
Eləcə də bax:Azərbaycanda 42 min nəfər kredit alanın – BORCU TAM BAĞLANIB
Ödəniş sistemlərinə effektiv nəzarət də 2019-cu ildə diqqətdə saxlanılmışdır. Normativ-hüquqi bazaya məsafədən bank hesablarının açılması proseduru müəyyən edən dəyişikliklər edilmişdir. İşğal olunmuş ərazilərdə beynəlxalq kart təşkilatlarının və pul köçürmə sistemi operatorlarının fəaliyyətinin mütəmadi monitorinqi üzrə müvafiq tədbirlər görülmüşdür. Ödəniş ekosistemində tətbiq edilən məhsul və xidmətlərin təhlili aparılmışdır. Rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və baş verə biləcək risklərin qarşısının alınması istiqamətində, habelə "Baza bank xidmətləri paketi” layihəsi üzrə bank sektoru ilə aktiv dialoq təşkil olunmuşdur.