Azərbaycanda bir qədər əvvəl müflis elan edilən bankların – «Ata bank» və «Amrahbank»ın rəhbər işçiləri bundan sonra bank sektorunda bəzi vəzifələri tuta bilməyəcək.
FED.az xəbər verir ki, bu məhdudiyyət «Banklar haqqında» qanunda nəzərdə tutulub. Qanuna görə, bankrot elan edilən bankların bəzi şəxsləri sonra bank sektorunda işləməməlidirlər.
Söhbət bank inzibatçısı vəzifəsindən gedir. «Banklar haqqında» qanuna əsasən, bank inzibatçısı dedikdə - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri nəzərdə tutulur.
Bank müflis olduqda isə həmin ana azı bir il burada işləyən məsuli şəxslər iki il müddətində bak sektorunda inzibatçı vəzifəsi tuta bilməzlər.
Qanunda deyilir ki, maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər iki il ərzində başqa bankın inzibatçısı) ola bilməzlər. Yəni bankda işləyə və nisbətən aşağı vəzifə tuta bilərlər, amma inzibatçı ola bilməzlər.