Sentyabrın 10-da Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq NFC texnologiyası tətbiq edildi.
FED.az xəbər verir ki, mobil telefonun köməyi ilə POS-terminalda ilk ödəniş uğurla həyata keçirildi.
Eləcə də bax: Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş tətbiqini - TƏQDİM EDİB
Belə bir mükəmməl yeniliyi ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı oldu.
VTS və NFC nədir?
VTS (Visa Token Service) Android platformalı mobil telefonlarda VISA kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən xidmətdir.
NFC (Near Field Communication) isə mobil telefonlar vasitəsilə təmassız ödənişlərin aparılmasına imkan verən funksiyadır.
Bu xidmətdən necə faydalanmaq olar?
VTS xidmətindən istifadə etmək üçün NFC funksiyasını dəstəkləyən, Android platformasında çalışan mobil telefona «IBA Pay» mobil tətbiqini yükləmək lazımdır.
Təmassız ödəniş hansı qaydada aparılır?
Ticarət-xidmət müəssisəsində alış-veriş zamanı mobil telefon kilid ekranı rejimindən çıxarılmalı və POS-terminalın ekranına toxundurulmalıdır. Bu zaman əməliyyat məbləği 50 manata qədər olarsa, əlavə təhlükəsizlik kodunun daxil edilməsinə ehtiyac yoxdur. 50 manatdan yuxarı məbləğdə olan ödənişlərdə isə kod daxil edilir.
IBA Pay mobil tətbiqindən necə istifadə etmək olar?
Tətbiqdə qeydiyyat mərhələsini keçdikdən sonra VİSA kartlarında NFC funksiyasını aktiv edib alış-veriş zamanı mobil telefonu ticarət-xidmət müəssisələrində quraşdırılmış POS-terminala toxundurmaqla istifadə etmək mümkündür.
Qeydiyyatdan necə keçmək olar?
Kartın 16 rəqəmli nömrəsini və ekranda əks olunan təhlükəsizlik kodunu daxil etməklə qeydiyyatdan keçmək mümkündür. Kart sifariş olunarkən sistemdə qeyd olunan mobil nömrəyə SMS vasitəsilə birdəfəlik kod daxil olur. Kodu daxil etdikdən sonra müştəri mobil əlavədən istifadə üçün 5 rəqəmli giriş kodu təyin edir. Əgər telefonda biometrik autentifikasiya funksiyası (touch İD) varsa, həmin funksiyadan da istifadə oluna bilər.
Əlavədə təmassız ödəniş hansı formada aktivləşdirilir?
Mobil əlavə vasitəsilə təmassız ödənişləri aparmaq üçün ilk növbədə karta daxil olaraq xidmətlər bölməsindən “NFC ödənişlərin aktivləşdirilməsi” funksiyası seçilməlidir.
IBA Pay mobil tətbiqini LİNKDƏN yükləyə bilərsiniz.
TED.az