Yaxın aylarda Azərbaycan Mərkəzi Bankının (AMB) Rəqəmsal İdentifikasiya Sisteminin geniş tətbiqinə başlanacaq.
FED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.
“Hazırda blockchain əsaslı qeyd olunan sistemin yaradılması üzərində işi praktiki olaraq başa çatdırmışıq. Yaxın aylarda sistemin geniş tətbiqinə başlanacaq”, - Osmanov çərşənbə günü Bakıda keçirilən “Visa Cashless Forum”unda bildirib.
Onun sözlərinə görə, bu layihə mərhələli şəkildə reallaşdırılacaq və kredit təşkilatlarına ötürülən fərdi məlumatların təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. Bundan əlavə, bu texnologiya bir çox əməliyyatları distant formada həyata keçirməyə imkan yaradacaq.
Öncə Osmanov məlumat verib ki, ilkin mərhələdə məsafədən hüquqi və fiziki şəxslərin hesablarının açılmasını təmin etməyi planlaşdırırıq. Növbəti mərhələdə məsafədən əlçatan bank xidmətlərinin siyahısımım genişləndirilməsi planlaşdırılır. Üçüncü mərhələdə isə vəsaitin monitorinqi prosesi və terrorçuluğun maliyyələşdiriməsi və çirkli pulların yuyulmasıın yoxlanılmasının avtomatlaşdırılması planlaşdırılır
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin iyul ayında blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün podratçıları müəyyən edib. 3 lotdan ibarət açıq tenderin 1-ci (blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi) və 3-cü (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması) lotları üzrə “IBM East Europe/Asia Ltd”, 2-ci lot (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması) üzrə isə “Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited” şirkətləri qalib elan edilib.
Tenderin şərtlərinə əsasən 1-ci lot üzrə qalib 6 ay ərzində blockchain əsaslı rəqəmsal transformasiya planı hazırlamalıdır.
2-ci lot üzrə qalib 3 ay ərzində AMB-nin binasında sistemin texniki platformasını qurmalıdır.
3-cü lot üzrə qalib 18 ay ərzində blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaratmalıdır.
İnterfaks